"BakıKart" Sumqayıtda da istifadə olunacaq

“Sumqayıtda ictimai nəqliyyatda sərnişinlər “BakıKart”dan istifadə edərək ödəniş edə biləcəklər”.

Metbuat.az xəbər verir ki, bu barədə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov deyib.

O bildirib ki, sərnişinlər avtobuslarda quraşdırılan validator aparatlarından şikayət edirdi:

“Gələn çoxsaylı şikayətləri nəzərə alaraq noyabrın 22-dən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödənişlər dayandırıldı. Həmin aparatlar bir qədər köhnə olduqları üçün özlərini doğrultmadılar. Yeni validator aparatları artıq sifariş verilib. Eyni zamanda “BakıKart” vahid ödəmə sistemlərinin də tətbiqi ilə bağlı müqavilə imzalanması üçün danışıqlar gedir. Ümid edirik ki, bir ay, ya da ay yarımdan sonra bu problem tam olaraq aradan qaldırılacaq”.

T.Saydumovun sözlərinə görə, Sumqayıtda bütün ictimai nəqliyyatın kart sisteminə keçməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var:

“Nəqliyyatda beş sahibkarın balansında olan avtobuslarla birlikdə Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşımanın balansında ümumilikdə 250-yə yaxın sərnişin avtobusu var. Bu avtobusların hər birində ödənişlər kart sisteminə keçiriləcək. Yeni validatorlardan istifadə zamanı həm sürücülər, həm də sərnişinlər kartın balansını və ödənişin sayını görə biləcəklər. Artıq “BakıKart” sistemi ilə eyni olan kartlar da sifariş edilib. Sərnişinlər həmin kartlardan həm Bakıda, həm də Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyatda istifadə edə biləcəklər. Kartların adlandırılması il bağlı yekun qərar hələ məlum deyil.

Onu da qeyd edim ki, yeni kartların alınması üçün vətəndaşlar əlavə ödəniş etməyəcək. Köhnə kartlar yeniləri ilə başabaş dəyişdiriləcək. Kimin kartında nə qədər vəsait qalıbsa, həmin məbləğ yeni kartların balansına köçürülərək sərnişinlərə təqdim olunacaq. Heç kim qara qəpikdə itirməyəcək”.

Xatırladaq ki, noyabrın 22-dən validatorlarda olan texniki nasazlıq səbəbindən Sumqayıtda ictimai nəqliyyatda kart vasitəsilə ödəniş müvəqqəti dayandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR