Kəlbəcərin işğaldan azad olunması Ermənistanı iflic vəziyyətə saldı - Millət vəkili

"Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə Ermənistana qarşı heç bir təsir göstərməmişdir. Nəticədə isə BMT-nin qəbul etdiyi beynəlxalq qətnamə 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmışdır".

Bu açıqlamanı Metbuat.az-a millət vəkili Cavid Osmanov edib. Onun sözlərinə görə, Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.


"Kəlbəcərin bir güllə atılmadan, heç bir itki verilmədən işğaldan azad edilməsi cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi diplomatik müstəvidə də qalib Sərkərdə olduğunu sübut edir. Kəlbəcərin şimal hissəsi Vətən müharibəsinin ilk günlərində ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Nəticədə isə Ermənistan ordusunun hərəkətləri rəşadətli ordumuz tərəfindən iflic vəziyyətinə salınmışdı".

Cavid Osmanov qeyd etdi ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalını təsis edərək rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusunu təltif etmişdir.

"2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Ölkə başçısı cənab İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını ucaltmışdır. Səfər zamanı dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuşlar. Çəkilən yeni yol Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcəkdir. Bundan əlavə, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Səfər zamanı “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olmuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilmişdir".

Millət vəkili xüsusilə vurğuladı ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın cari ilin 16 avqust tarixində reallaşan səfərlərindən sonra Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə rəsmi olaraq start verilmişdir. Artıq Kəlbəcər rayonu da daxil olmaqla işğaldan azad olunmuş ərazilərimizdə fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR