Bank faizləri aşağı salınacaq

Bank faizləri aşağı salınacaq
12:26 25 Dekabr 2014
719 Sosial
Ölkə mətbuatı
A- A+

İqtisadçı alim Vüqar Bayramov Azərbaycanda bank faizlərinin aşağı salınması üçün geniş imkanlar olduğunu bildirir.

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün sosial şəbəkədə status paylaşan iqtisadçı alim bildirib:

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə fərmanda kredit faizlərinin azaldılmasına nail olunması ilə bağlı xüsusi göstəriş verib. Fərmana görə, Mərkəzi Bankına (MB) kommersiya banklarının kreditləri üzrə, eləcə də kreditlər və tənzimləyicinin uçot dərəcəsi üzrə faiz dərəcələri arasında fərqin azaldılması ilə bağlı faiz dərəcələrinin aşağı salınması barədə tədbirlər görmək tapşırılıb. Fərmana uyğun olaraq, MB 6 aydan bir Azərbaycan Prezidentini görülmüş işlər barədə məlumatlandırmalıdır.

MB dekadadan artıq zamandır ki, kredit faizlərinin aşağı düşəcəyini bəyan etsə də reallıqda dəyişən heç nə yoxdur. Aydındır ki, məsələnin dövlət başçısı tərəfindən özü də rəsmi fərmanla gündəmə gətirilməsi problemin ciddiliyini və miqyasını təsəvvür etmək üçün kifayətdir. Xatırladaq ki, ölkə Prezidenti son fərmanadək kredit faizlərinin aşağı salınması və bankların real sektora daha çox kredit ayırmasının təmin edilməsi barədə bir neçə dəfə MB rəhbərliyinə öz tapşırıqlarını vermişdi.

MB-nin kredit faizlərinin yüksək olması ilə bağlı arqumentləri sadə olsa da belə bu yanaşmaların obyektivliyi birmənalı qarşılanmır: iqtisadiyyatda mənfəət norması yüksəkdir; əmanətlər üzrə faiz dərəcələri yüksəkdir; bankların cəlb etdiyi maliyyə resursları bahalıdır. Baş bankda hətta xəbərdarlıq etməyi də bəzən unutmurlar: inzibari müdaxilə qara bazarın yaranmasına gətirib çıxara bilər. Bəs, ölkəmizdə kredit faizləri niyə yüksəkdir?

Əvvəlla, MB-nin rəsmi məlumatına görə, ölkədə kredit portfelinin məbləği 17.8 milyard manat, orta faiz isə 14.2 faizdir. Bəli, baş bankda ölkədə kreditlərin orta hesabla 14.2 faizdən verildiyini nəinki düşünürlər və hətta iddia edirlər ki, Bakı üzrə bu göstərici 12.9 faizdir. Söhbət rəsmi rəqəmlərdən gedir. Nəinki güzəştli kreditləri hətta iri məbləğli nisbətən aşağı faizli kreditləri də nəzərə alaraq orta faiz göstəricisini hesablayan Mərkəzi Bankda sadəcə bir məqami unudublar: xahişlə 25 faizə kredit alan şəxslər orta kredit faizinin 13 faizdən az olduğuna necə inanacaqlar. Bu məsələdə digər paradoksal məqam da var: paytaxtda bir rəqəmli həddə yaxın faizlə kredit paylandığını və ümumi kreditlərin 14.9 milyard manatının və ya 83.7 faizinin Bakının payına düşdüyünü bildirən MB kreditlərin Dağlıq Şirvan iqtisadi rayonunda 23.4, Kəlbəcər-Laçın iqtisadi rayonunda 25.4, Lənkəran iqtisadi rayonunda 23.4 faizlə bölüşdürüldüyün deyir. Bank sektorunda rəsmi göstəricilərin hansı səviyyədə güvənilə bilən olması başqa məsələdir, amma bir sual açıq qalır: Lənkəranda vətəndaşın Bakı ilə müqayisədə 2 dəfə yüksək faizlə kredit götürməsini iqtisadi faktorlar ilə necə izah etmək olar?

Digər tərəfdən, Mərkəzi Bankın digər məlumatında istehlak kreditləri üzrə orta faiz dərəcəsinin 18,0 faiz, ümumi kredit portfelində payının isə 25,0 faiz olduğu bildirilir. Bu da kifayət qədər mübahisəli göstəricidir. Xüsusən də, rəsmi statistikada ev təsərrüfatlarına təqdim edilən kreditlərin ümumi kredit portfelində payının 41,1 % faiz olduğu halda istehlak kreditlərinin portfelin ¼-dən çox olmaması maraqlı məqamdır.
MB dəfələrlə bəyan edib ki, bu qurum kredit faizlərinin tənizmlənməsinə təsir göstərə bilməz. Arqumentləri sadədir: faiz dərəcələrini MB deyil, bazar tənzimləyir. Bu cavabı çox sadəd 2 sual yaradır: kredit faizləri Azərbaycan ilə müqayisədə 5 dəfə ucuz, yəni 3-5 faiz intervalında təklif edilən ABŞ və ya Avropa Birliyində faizləri bazar tənzimləmirmi? Və əgər həmin ölkələrdə “bazarlar” varsa niyə kredit faizlərini “tənzimləyib” bizdə olduqu kimi 25-35 faizə çatdıraraq yüksək gəlir əldə etmirlər?

Kredit faizləri ilə bağlı vəziyyət, yumşaq desək, yaxşı deyil: Azərbaycan Rusiya, Ukrayna və Belarusdan sonra MDB-də ən yüksək faizlə kredit təklif edən ölkədir: Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 14 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son il yarımda 12 faizdən 9 faizə düşüb.

Etiraf etmək lazımdır ki, MB sədrini bildirdiyi “bazar faktoru” da təbii ki, var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 40 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Aydındır ki, real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir. Təəssüf ki, bu indiki halda yüksük bank faizlərinin formalaşması ilə ifadə edilir.

Bəs, MB kredit faizlərini aşağı salıması üçün nə etməlidir? Əslində, MB-nin əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var. Birincisi, MB real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komisiyon haqqlarının tənzimlənməsini və haqqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komisyon haqqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 7-10 faizlik komisyon haqqları təklif edirlər. Bankların”faizi tələsi” əslində çox sadədir: banklar faizi elan edirlər, amma komisyon haqqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komisyon haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edirlər. Bu zaman müştəri iki sənədə qol çəkir: 540 manatlıq kreditin alınması və 40 manatlıq komisyon haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmyaraq, kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Təbii, bank arqument gətirə bilər ki, 40 manat da kredit formasında təqdim edilib. Buna görə də, hal-hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komisyon haqları üçün MB maksiumum limitlər müəyyyənləşdirə bilər. Bu baxımdan, MB komisyon haqqlarının 2 faizdən çox təyin edilməsinin qadağan etməsi məqsədəuyğun olardı.

İkincisi, MB bank sektorunda liberallaşmanı sürətləndirlməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər mövcuddur. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Praktiki olaraq, bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə təbii ki, həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hal-hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər.

Üçüncüsü, kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanları genişləndirilməlidir. Mərkəzi Bankın 3,5 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsindən 6 dəfə azdir. Bu isə iqtisadi baximndan anormal balansdır. MB-nin mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin həcmi yüksək deyil. Bu da banklarin əsas vəsaitlərinin kənardan cəlb etmələri deməkdir. Bu baxımdan, kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alsaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır, o zaman bunun əhəmiyyəti daha da artır. Beynəlxaql kredit reytinqinin yüksək olmaması bankalara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır. Buna görə də, “ucuz resurslar” ilə MB bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər.
Dördüncüsü, MB kommersiya banklarının beynəlxalq maliyyə qurumlarından daha aşağı faizli kreditlərin cəlb etməsinə imkan və stimul yaratmalıdır. Bu qurumların kredit faizlərinin 4-7 faiz intervalında dəyişdiyini nəzərə alsaq, o zaman bu kommersiya bankları üçün ucuz maliyyə resursların yaranmasına gətirib çıxara bilər.

Beşincısı, depozitlərin sığortalanan faiz dərəclərinin mərhələli azaldılmasının risk təhlili aparılmalıdır. Depozit faizlərinin yüksək olması kredit faizlərinin də artmasına gətirib çıxarır, amma əmanətlər üzrə faiz azalanda kredit faizləri artmırsa, o zaman əhalidən müqayisəli ucuz vəsaitləri cəlb etmək doğru deyil. Depozit faizlərinin azalmasına nail olmaq “2 faiz arasındakı” əlaqənin bərpasına nail olmaq lazımdır.

Nəhayət, MB kommersiya banklarında kredit faizlərini aşağı salması üçün sözügedən inzibatı tədbirlər ilə yanaşı kifayət qədər çoxlu psixoloji və təşviqedici alətlərə malikdir. Sadəcə, bu alətlərdən istifadə etmək lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR