KOBİA ticarət obyektlərində yerlər icarəyə götürəcək

Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası”na əsasən, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bir sıra tədbirlər görəcək.

Metbuat.az xəbər verir ki, bunlar aşağıdakılardır:

- ticarət obyektlərində müəyyən sahənin (ticarət rəflərinin, piştaxtaların, stellajların və s.) Agentlik tərəfindən icarəyə götürülməsi;

- sahibkarların məhsullarının satışı məqsədilə ticarət obyektlərində müəyyən sahəni icarəyə götürməklə Agentliyin stendinin təşkil edilməsi;

- yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış yerlərdə Agentlik tərəfindən satış-sərgi üçün şərait yaradılması.

- Satış yerinin dövlət vəsaiti hesabına icarəyə götürülməsi “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

- Agentlik tərəfindən icarəyə götürülmüş və sahibkarların istifadəsinə verilməmiş, habelə sahibkarların istifadəsinə verilmiş satış yerləri barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində, o cümlədən mövcud məlumatlandırma portallarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.

- Sahibkarların istehsal etdikləri məhsulların satış yerlərində yerləşdirilməsi onların müraciəti əsasında həyata keçirilir. Sahibkarlardan daxil olmuş müraciətlər bu Qaydanın 1.7-ci bəndi ilə müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir və meyarların daha çoxuna uyğun gələn sahibkarlara üstünlük verilməklə, onlarla istehsal etdikləri məhsulların satış yerinin müəyyən hissəsində (bundan sonra – satış sahəsi) yerləşdirilməsi barədə müqavilə imzalanır və həmin sahibkarlar barədə məlumatlar Agentliyin rəsmi internet səhifəsində yerləşdirilir.

- Bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulmuş müqaviləyə uyğun olaraq sahibkarın istifadəsinə verilən satış sahəsinin ölçüsü 50 (əlli) sm müəyyən edilir. Müraciət edənlərin sayı, hər bir müraciət edənin məhsullarının çeşidlərinin sayı və ölçüləri nəzərə alınmaqla, Agentliyin qərarı ilə sahibkarların istifadəsinə verilən satış sahəsinin ölçüsü əlavə 50 (əlli) sm-dək artırıla bilər.

- Sahibkarın istehsal etdiyi məhsulların satış sahəsində yerləşdirilməsi barədə müqavilənin müddəti 3 (üç) ayadək müəyyən edilir. Müraciət edənlərin sayı və istehlakçıların satış yerlərində yerləşdirilən məhsullara olan marağının həcmi nəzərə alınaraq, Agentliyin qərarı ilə sahibkarın istifadəsinə verilən satış sahəsindən istifadə müddəti bir dəfə 3 (üç) ayadək uzadıla bilər.

- Satış sahəsinin sahibkarın istifadəsinə verilməsi ödənişli qaydada həyata keçirilir. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 20%-i miqdarında, kiçik sahibkarlıq subyekti isə onun istifadəsinə verilmiş satış sahəsinə görə Agentliyin ödədiyi icarə haqqının 50%-i miqdarında haqqı Agentliyə ödəyir.

- Bu Qaydaya əsasən Agentlik tərəfindən bir təqvim ili ərzində icarəyə götürülən satış yerlərinin sayı 10-dan çox, icarəyə götürülən bir satış yerinə görə illik icarə haqqı isə 20000 (iyirmi min) manatdan artıq ola bilməz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR