Moskva görüşündən NƏTİCƏ ÇIXMADI:

Dekabrın 1-də üçtərəfli İşçi Qrupunun Moskvada baş tutan görüşündə razılaşma əldə olunmayıb. Soçidə Putinin açıqlamasından çıxan nəticə belə idi ki, kommunikasiyanın bərpası ilə bağlı razılaşmlara İşçi Qrupunun görüşündə yekun vurulacaq və rəsmiləşəcək. Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan isə görüşdə razılaşmanın olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan müqaviləyə Ermənistan üçün qəbuledilməz olan “dəhliz” məsələsini daxil etməyə çalışır.

Məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı Metbuat.az-a bildirdi ki, Qriqoryanın sözlərindən iki nəticə çıxır:

Birincisi, İşçi Qrupu müqavilə üzərində işləyir və bu, böyük ehtimalla kommunikasiyanın bərpa edilməsi qrafikinə aiddir. İkincisi isə rəsmi Bakı 10 noyabr razılaşmasında etmədiyini indi edir yəni Zəngəzur dəhlizini rəsmiləşdirir. Asif Nərimanlı qeyd etdi ki, İrəvan bununla təkcə Bakı yox, Moskvaya qarşı da çıxır.

"Bildiyiniz kimi Soçi görüşündə iki nəticə əldə edildi. Sərhədin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılmasıdır ki, bu, yekun bəyanata daxil edilib. Kommunikasiyanın açılması üzrə prosesə yekun vurulması isə bu, yekun bəyanata daxil edilmədi və məsələ İşçi Qrupunun bu həftə nəzərdə tutulan görüşünə həvalə olundu. Putinin çıxışında “dəhliz” ifadəsinə istinad etməsi və “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar” açıqlaması deməyə əsas verir ki, Soçidə şifahi razılaşma məhz Bakının mövqeyi kontekstində əldə olunub. Əliyevin bir gün sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətləri Zəngəzur dəhlizindən istifadəyə dəvət etməsi də Soçi görüşünün nəticəsinə uyğun çıxış etməsi idi".

Siyasi şərhçi onu da bildirdi ki, İşçi Qrupunun görüşündə İrəvan prosesi pozub. Yaxın vaxtlarda növbəti görüşün keçiriləcəyi gözlənilir və məsələ yenidən müzakirə olunacaq.

"Paşinyanın Soçi razılaşmasını pozması İrəvanın gözləntilərindən irəli gəlir. Qarşıda 10 dekabrda Baydenin demokratik sammitinə Ermənistan da dəvət edilib. Dekabrın 15 də isə Brüsseldə Avropa İttifaqının quracağı masa var. Ermənistan bu görüşlərə ümid etdiyi üçün Moskvada “yox” deyə bilir. Bu proses Əliyevin Soçidə verdiyi mesajın – regionda təhlükəsizlik razılaşmaların nəticələrinin icrasından asılıdır – praktiki tətbiqinə zərurət yarada bilər" deyə Asif Nərimanlı müsahibəsini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR