Yevlax Pilot Aqroparkın rəmzi açılışı keçirildi - FOTOLAR

Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin iştirakı ilə Yevlax Pilot Aqroparkın rəmzi açılışı keçirilib.

Metbuat.az xəbər verir ki, iqtisadiyyat naziri aqropark haqqında məlumat və stendlərlə tanış olub. Aqroparkda sahibkarlarla görüş keçirilib, müzakirələr aparılıb, onların təklifləri dinlənilib. Sonra aqroparkdakı meyvə bağında sahibkarlarla birlikdə ağaclar əkilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə yaradılan və ümumi ərazisi 2.855 hektar olan Yevlax Pilot Aqroparkın 1.147 hektarlıq hissəsində 20 hektarlıq parsellərə bölünmüş sahələr olmaqla 100 ailə fermer təsərrüfatının, o cümlədən, 40-dan çox orta sahibkarlıq təsərrüfatının yaradılması və özünüməşğulluq proqramı çərçivəsində 60 aztəminatlı ailə üçün 60 hektar ərazidə sosial bağların salınması planlaşdırılır. Bundan əlavə, aqroparkın 1.133 hektarını yemlik bitkilər və şəkər çuğunduru əkini sahəsi, 236 hektarını pambıqçılıq və taxılçılıq, 129 hektarını emal və sosial zonalar, 3 min başlıq ətlik istiqamətli heyvandarlıq kompleksi təşkil edəcək.

"Yevlax Pilot Aqropark” layihəsinin ümumi dəyəri 103 milyon manatdir. Bunun 29 milyon manatı dövlət vəsaiti, 74 milyon manatı isə özəl investisiya hesabına formalaşacaq. Aqroparkda 500 nəfər daimi, 1000 nəfər isə mövsümi işlə təmin ediləcəkdir.

Yevlax Pilot Aqroparkda dövlət vəsaiti hesabına infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və “Vahid pəncərə” sisteminin tətbiqi nəzərdə tutulur.

Aqroparkda nar, badam, xurma, zeytun, gilas, ərik, şaftalı və s. bağlar salınacaq. Emal zonasında qida sənayesi üzrə emal müəssisələri yaradılacaq. Bu müəssisələrdə qablaşdırma məhsulları, meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və s. istehsal edilməsi planlaşdırılır. Bununla yanaşı, aqroparkın ərazisində qeyri-ənənəvi bağçılıq, əkinçilik və digər innovativ istehsal sahələri də inkişaf etdiriləcək.

Aqroparkda “ağıllı” idarəetmə sisteminin tətbiqi (iqlim stansiyası, feromon kamerası, əkin sahələrinin dronla monitorinqi, torpaq sensoru, dr. agro tətbiqı), aqronom və biznes-konsaltinq xidmətlərinin təşkili planlaşdırılır.

“Ağıllı” idarəetmə sistemi əkin işləri üçün əlverişli zamanın təyin olunması, xəstəliklərlə bağlı xəbərdarlıq, əkinin monitorinqi, torpağın nəmliyinin ölçülməsi, aqrotexniki qulluq və s. məsələlər üçün yeni texnoloji həll imkanları yaradacaq.

İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına da dəstək göstəriləcəkdir.






Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR