Brüssel görüşü ərəfəsində QƏRB Bakıdan NƏ İSTƏYİR? -

Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin bu günlərdə deyib ki, hər iki tərəflə- həm Azərbaycan, həm də Ermənistanla müzakirələr davam edir: “Ümid edirik ki, vəziyyətin inkişafına töhfə verə bilərik. Biz humanitar məsələlərin müzakirəsi üçün dekabrın 15-də Şərq Tərəfdaşlarının sammiti çərçivəsində növbəti görüşü gözləyirik” o bildirib.

Bu açıqlamanın mahiyyətini siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a şərh edərək bildirdi ki, Brüssel görüşü ərəfəsində Qərbin belə bir bəyanatla çıxış etməsi gözlənilən idi. Müsahibin sözlərinə görə, eyni ilə Rusiya kimi Avropa təşkilatları da proseslərə daha çox təsir etmək istəyirlər. Çünki bu, onların regionda mövcudluğunun əsas şərtidir.


"Əslində indiki məqamda şimal qonşumuzla Qərb arasındakı bu qarşıdurma bizə sərf edir. Onlar Cənubi Qafqaz uğrunda bir növ yarışırlar. Beləliklə, müxtəlif yollarla Bakı və İrəvanın diqqətini çəkməyə çalışırlar. Biz bu situasiyadan istifadə edərək öz maraqlarımızın təmin olunmasına nail ola bilərik. Başqa sözlə, hansı Qarabağ məsələsində daha ədalətli və real addımlar atsa, onunla yola davam edə bilərik. Çətinlik yaradan məqam odur ki, Rusiya və Qərb nə Azərbaycanı "küsdürmək" istəyir, nə də Ermənistanı. Buna görə də onlar ciddi addım atmaqda maraqlı deyillər".

Kənan Novruzov deyir ki, onların niyyətləri sadəcə prosesləri uzatmaq və moderatorluq statuslarından yararlanmaqdır. Qarabağ məsələnin tam həll olunacağı təqdirdə bölgədə heç bir üçüncü qüvvəyə ehtiyac olmadığı məlumdur.

"Biz vasitəçilərin bu cəhdlərindən öz xeyrimizə istifadə edə bilərik. Qərbin fəallaşması isə o qədər də qorxulu deyil. Əksinə, Rusiyanın təsir qüvvəsinin neytrallaşması baxımından, bəlkə də, xeyirlidir. Hər halda Moskvaya nisbətən, Qərbin regiona təsir imkanları daha azdır. Brüsseldə keçiriləcək görüşdə ciddi nəticənin əldə olunacağı inandırıcı deyil. Amma Qərb tərəflərə müəyyən vədlər verə bilər. Bu, gələcək üçün Azərbaycan və Ermənistanın addımlarını nəzarətdə saxlamaqdan ötrü Avropanın həmləsi kimi qiymətləndirilməlidir".

Müsahibimiz qeyd etdi ki, nə Rusiya, nə də Qərb belə vasitəçilik səylərində səmimidir. Onların öz maraqları var. Əks halda problemlər çoxdan həllini tapmışdı. Onlar başa düşməlidirlər ki, verdikləri bəyanatların ancaq söz səviyyəsində qalması, icra edilməməsi ilk növbədə özlərinə, beynəlxalq aləmdəki imiclərinə zərbədir - deyə Kənan Novruzov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR