İstanbulda Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib

İstanbulda Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib
04:13 30 May 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 30 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşkil etdiyi təntənəli mərasimdə Türkiyənin rəsmi dairələrinin təmsilçiləri, ölkə ictimaiyyətinin görkəmli nümayəndələri, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisləri, elm və mədəniyyət xadimləri, İstanbulda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, soydaşlarımız, media mənsubları iştirak ediblər.
“Conrad” otelində keçirilmiş mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə iştirakçılara məlumat verən baş konsul Həsən Zeynalov cümhuriyyət hakimiyyətinin süqutundan sonra xalqımızın düçar olduğu repressiyalardan, torpaqlarımızın itkisindən, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranmış tarixi şəraitdən, təcavüzkar Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən və ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişaf etdiyini diqqətə çatdıran H.Zeynalov dövlətimizin həyata keçirdiyi beynəlxalq iqtisadi layihələrin əhəmiyyətindən, iyunun 12-də start veriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə başa çatmasından, eləcə də Azərbaycan-Türkiyə qardaşlığının əzmlə qorunmasından bəhs edib.
Xalqımızın mötəbər bayram münasibəti ilə təbrik edən İstanbul valisinin müavini İsmayıl Gültəkin Azərbaycanın müstəqilliyinin qorunmasını və sürətli inkişafını türk dünyası üçün əvəzolunmaz sərvət kimi dəyərləndirərək qeyd edib ki, Azərbaycanı azad görmək həmişə Türkiyə xalqının ən böyük arzusu olub.
Sonra Azərbaycanın tarixi və müasir inkişafına dair film nümayiş olunub.
İştirakçılara Azərbaycan tarixinə və müasir inkişafına, milli mədəniyyətinə dair həqiqətlərini əks etdirən, o cümlədən “Bakı-2015” birinci Avropa Oyunları barədə məlumatların olduğu kitab və jurnallar paylanıb.
Rəsmi hissədən sonra Azərbaycan musiqiçiləri geniş konsert proqramı ilə çıxış ediblər.
Mərasim “Qarabağ şikəstəsi”nin ifası ilə başa çatıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_Respublika_Gunu_munasibetile_tenteneli_merasim_kechirilib-859301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR