Beynəlxalq Ədalət Məhkəməsi hansı qərarlar verdi? -

Dekabrın yeddisində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən, Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etdi.

Hər zaman olduğu kimi bu dəfə də, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərar erməni cəmiyyətində tamam fərqli təqdim olundu. Məşhur erməni KİV-ləri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını “Ermənistanın demək olar ki, bütün tələbləri təmin edildi” deyə xəbər başlıqlarında təqdim edərək sanki, haqlı tərəfin Ermənistan olduğu ab-havasını yaratmağa çalışdılar.

Mövzu ilə bağlı Metbuat.az AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə ilə müsahibə aparıb. Həmin müsahibəni təqdim edirik:


1) Elnur bəy, bildiyiniz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətləri rədd etdi. Amma keçirilən iclasdan da göründü ki, qarşı tərəf haqsız olduğu halda əksini sübut etməyə çalışırdı. Bu addımlar əsl məramı nədən ibarətdir?

"Məlum olduğu kimi oktyabrın 14-15-də Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddialarla bağlı oktyabrın 18-19-u tarixlərində isə Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddialarla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilmişdi. Qeyd etmək lazımdır ki, hər iki tərəfin bir-birinə qarşı qaldırdığı iddialarda hansısa formada irqi ayrıseçkilik məsələləri əsas məqamlardan biri kimi vurğulanırdı. Beynəlxalq Ədalət Məhkəməsinin hər iki məsələ üzrə qəbul etdiyi qərarlarda irqi ayrıseçkiliyin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı çağırışlar vardır. Azərbaycan tərəfinin haqlı olaraq və tam faktlara dayanaraq irəli sürdüyü iddialardan biri ermənilərin azərbaycanlılara qarşı müxtəlif formalarda soyqırımlar, qırğınlar həyata keçirmək üçün müxtəlif vasitələrdən istifadə etməsi ilə bağlı idi. Xüsusən, Birinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı yəni Ermənistanın Azərbaycan ərazilərinin işğal altında saxladığı dövrlərdə Azərbaycan ərazilərinə minaların döşənməsi, hətta heç bir hərbi əhəmiyyəti olmayan, mülki əhalinin tez-tez gedə biləcəyi müxtəlif məzarlıqlarda, qəbiristanlıqlarda, mülki obyektlərin ətrafında piyada və tank əleyhinə minaların basdırılması ilə bağlı faktlar məhkəmədə diqqətə çatdırılmışdı. Bu işlə bağlı Beynəlxalq Ədalət Məhkəməsində keçirilən iclasın videokadrlarını izlədiyimiz zaman da görürük ki, Azərbaycan tərəfi burada faktiki materiallar, fotoşəkillər, xəritələr təqdim etmişdir. Lakin çox təəssüflər olsun ki, bu dəfə də erməni tərəfi başqa situasiyalarda olduğu kimi yenə dekonstruktiv mövqedən, pozucu mövqedən çıxış edib. Yalan məlumat verməklə bərabər, yalan üzərində təbliğat qurmaqdan çəkinməyən Ermənistanın məhkəmədə çıxış edən nümayəndəsi, guya bu ərazilərə minaların Azərbaycanın özü tərəfindən vaxtilə Birinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrlərdə döşəndiyini iddia edib. Necə ola bilərki ərazilər Emənistanın işğalı altında olduğu və Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərə nəzarət etdiyi halda Azərbaycan tərəfi rahat bir şəkildə həmin ərazilərə daxil olub mina döşəyə bilsin. Axı, mina döşənmiş bölgə çox böyük əraziləri əhatə edir. Beləliklə, bir daha görmək olur ki, burada erməni tərəfi yenə də yalan informasiya verməklə dünya ictimaiyyətinin beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Çox təəssüflər olsun ki, müəyyən məqamlarda Azərbaycana qarşı ədalətsiz çağırışlar da eşidilir. Lakin biz Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin açıqlamalarına baxsaq görərik ki, Azərbaycan tərəfi beynəlxalq konvensiyalarda, sənədlərdən irəli gələn öhdəliklərinə sadiq olduğunu bəyan edib və bu baxımdan ümumiyyətlə, irqi ayrıseçkiliyin bütün formalarının qarşısının alınması ilə bağlı təkcə indi deyil, bütün dövrlərdə bu məsələyə qarşı kəskin şəkildə mübarizə aparmışdır".

2)Azərbaycanın tolerant dövlət olduğu artıq demək olar ki, bütün dünyaya bəllidir. Amma Ermənistan bəlkə də dünyada yeganə ölkələrdəndir ki, mono etnik dövlət olmaq üçün ərazisində yaşayan xalqlara qarşı təmizlənmə işləri aparıb. Bir tarixçi olaraq bu barədə bizə məlumat verməyinizi rica edirik.

"Azərbaycanda Ermənistanın əksinə multikulturalizm təbliğ olunur. Azərbaycanda tolerantlıq mühiti hökm sürür və heç bir zaman Azərbaycanda irqi, milli və dini zəmində ayrıseçkilik prosesləri müşahidə edilməmişdir. Bunun əksinə olaraq Ermənistanda 80-ci illərdə “Ermənistan ermənilər üçündür!” çağırışları ilə müxtəlif izdihamlı mitinqlər keçirilmişdir. Azərbaycanlılar Ermənistandan son nəfərinədək təmizlənmişdir. Sonradan təkcə azərbaycanlılara qarşı deyil, yəhudilərə qarşı diskriminasiya antisemitizm, müşahidə edilmişdir və bu proses bu gün də davam etməkdədir".

3) Qeyd etdiyiniz faktlarla bərabər ermənilərin azərbaycanlılara, türklərə qarşı olan xüsusi nifrət hissindən də yan keçə bilmərik. Necə düşünürsünüz tez-tez erməni cəmiyyətində Baş nazir Nikol Paşinyanın “türk” adlandırılması da bir növ təhqir sayılmırmı?

"Əlbəttə, Ermənistanda irqi zəmində ayrıseçkilik təbliğatının şahidi demək olar ki, hər gün oluruq. Bu xüsusən azərbaycanlılara, türklərə qarşı münasibətdə öz əksini tapır. Heç də təsadüfi deyil, ki, bu gün Ermənistan cəmiyyətində azərbaycanlılara, türklərə qarşı nifrət o səviyyədədir ki, onlar hətta öz ölkənin baş naziri Nikol Paşinyana “azərbaycanlı, türk” deməklə bir növ bu sözdən ona qarşı təhqir kimi istifadə etməyə çalışırlar. Bunu da qeyd etməkdə fayda var ki ,Ermənistandakı müxtəlif dərsliklərdə azərbaycanlılara, türklərə qarşı nifrəti oyadan təbliğat mövcuddur. Son statistikaya əsasən Ermənistanda yaşayan az sayda yəhudi icması da illərdən bəri sıxışdırılmış və onların sayı kəskin şəkildə aşağı düşmüşdür. Qeyd edim ki, son illərdə ümumiyyətlə, bu barədə rəsmi statistikalar açıqlanmır. Bu da yəqin ki, ölkədəki yəhudilərin daha çox assimilyasiyaya məruz qalması, eyni zamanda ölkəni tərk etməyə məcbur edilməsi ilə bağlıdır. Biz bilirik ki, çox kiçik sayda assur qrupları Ermənistanda tamamilə assimilyasiyaya məruz qoyularaq, milli hüquqları məhv edilib. Zaman-zaman Ermənistanda müxtəlif yəhudi abidələrinin təhqir olunmasını, televiziyalar vasitəsilə antisemit çağırışları da müşahidə etmişik. Ermənistan öz daxilində yaşayan digər qrupları sıxışdırmaqla müxtəlif formalarda onların ölkəni tərk etməsinə rəvac verərək monomilli dövlətə çevrilmişdir".

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR