Tibbi xidmətlərə ƏDV tətbiq edilməsinə SƏBƏB nə oldu? -

“Dünyanın müxtəlif ölkələrində tətbiq edilən “ƏDV geri al” layihəsi Azərbaycanda tətbiq edilərkən dövlətin əsas məqsədi iqtisadiyyatın ağardılması, ödənişlərin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azaldılması işlərini sürətləndirmək və bu məsələdə sadə vətəndaşlarda maraq yaratmaqla onlardan dəstək almaq olub”.

Bu fikirləri Metbuataz-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, müxtəlif ticarət əməliyyatları zamanı alıcılar ƏDV-ni geri qaytarmayan mağazalara geri dönüş etmir. Vətəndaşın “ƏDV geri al” layihəsindən yararlanması isə artıq layihənin tətbiqində nəzərdə tutulan əsas məqsəddən sonra gələn ikinci əhəmiyyət kəsb edir.


“Əgər tutulan ƏDV-nin faizi aşağı salınmış olsa, o zaman malın qiyməti ucuz olacaq. Yəni əsas məqsəd alıcılara pulun qaytarılmasıdırsa o zaman pul elə başlanğıcda qaytarıla da bilər. Yəni bu halda 100 manatlıq məhsul 95 manat olacaq. Başqa sözlə, ƏDV aşağı faizlə hesablana bilər. Bu da malın qiymətinin nisbətən aşağı olmasına gətirib çıxaracaq. Amma ƏDV faizi dəyişmədən, pul ödənildikdən sonra geri dönüş olursa, deməli əsas məqsəd insanları, satıcıları, istehlaçkıları qaydalara, qanunlara uyğun alış-veriş etməyə, ödənişləri leqallaşdırmaqdır ki, nəticədə vergidən yayınma olmasın. Bu da çox ağıllı strategiyadır”.


Eldəniz Əmirov deyir ki, reallıq onu göstərdi ki, bu çox düzgün və ağıllı qərar idi. Layihə məqsədə çatmaqda ciddi effekt verdi. Hətta əhaliyə geri dönüş gözləniləndən artıq oldu.

“2021-ci ilin birinci rübünün sonuna qədər “ƏDV geri al” layihəsi çərçivəsində insanlara 60,2 milyon manat pul qaytarıldı. Bu zaman nəğd və nəğdsiz ödənişlərə 10% və 15% fərqlərinin tətbiq edilməsi ilə hətta onlayn ödənişləri artırmaq cəhdi də uğurlu alındı. Statistikaya əsasən, bu sistem tətbiq olunandan sonra ƏDV ödəyicilərinin sayı artmışdır. Dünyanın hər yerində ƏDV geri qaytarmanın prinsipi ƏDV-nin stimullaşdırılmasını nəzərdə tutur. Burada müxtəlif faizlər, yanaşmalar olsa da əsas məqsəd eynidir. Misal üçün düşünək ki, kölgə iqtisadiyyatında hər şey rəsmidir, qeydiyyat üzərindən aparılır, vergidən yayınma yoxdur. O zaman bu sistemdə “ƏDV geri al” tətbiq edilməyəcəkdir. İqtisadiyyatın hansısa sahəsində ödənişlərin qeydiyyata alınmasında problem varsa, orada “ƏDV geri al” kimi layihələrin tətbiqinə ehtiyac var”.

Hər bir layihənin öz icra və tamamlanma müddət olduğu kimi “ƏDV geri al” layihəsinin də bitəcəyini qeyd edən müsahibimiz onu da bildirdi ki, hələ ki, şəraitə uyğun olaraq şərtlər və qaydalar dəyişilməklə layihə davam edir. Bəs hansı şərtlər daxilində bu layihə bitə bilər?

“ “ƏDV geri al” layihəsi sonsuz müddətdə tətbiq ediləcək layihə deyil. Amma onun nə vaxt bitəcəyini isə yalnız qarşıya qoyulan nailiyyətlərin əldə olunmasından sonra demək olar. Bildiyiniz kimi, hazırda qəbul edilmiş yeni qaydalara əsasən 2022-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrindən də ƏDV çekləri almaq mümkün olacaqdır. Çünki səhiyyə sahəsində ödənişlərin vergidən gizlədilməsi halları müşahidə edildiyi üçün dövlət haqlı olaraq artıq bu layihəni tibbi ödənişlərə də aid etdi. Klinikalarda əməliyyatlara, tibbi xidmətlərə üç-beş min və daha çox xərcləyən şəxslərə heç bir çek ödənişi edilmir və nəticədə vergidən gizlədilmə halları baş verir. Çünki həmin ƏDV yeni nəsil kassa aparatlarına daxil olmur və kifayət qədər vəsayit mənimsənilir. Məhz bu halların kütləviləşməsindən sonra dövlət səhiyyə müəssisələrini də “ƏDV geri al” layihəsinə əlavə edərək həm vətəndaşların ƏDV çeklərini almasına şərait yaradacaq, həm də vergidən gizlədilmə hallarının qarşısını almış olacaqdır”, - deyə Eldəniz Əmirov fikirlərini tamamlayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR