Pərakəndə ticarət dövriyyəsi artıb

Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38327,5 milyon manatlıq, o cümlədən 20751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Metbuat.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artıb.

Məlumata görə, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,1 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Qeyd olunub ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 50,5 faizi fərdi sahibkarlar tərəfindən, 22,6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19,3 faiz artmış, fərdi sahibkarlar üzrə 2,7 faiz, bazar və yarmarkalarda 0,4 faiz azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347,9 manatlıq, o cümlədən 188,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159,5 manatlıq qeyri-ərzaq malları alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR