"Qanun layihəsindəki müsbət məqamların əksəriyyəti Azərbaycan praktikasında ilk dəfə tətbiq ediləcək" -

“İndiyə qədər Azərbaycanda onlayn medianın tənzimlənməsi, hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvürlər olmasa da, hazırda bu sahədə böyük inkişaf var. “Media haqqında” qanun çoxsaylı yeniliklərlə zəngindir. Qanunun əksər hissəsi mövcud olmuş ənənənin ümumiləşdirməsindən ibarətdir. Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir”.

Bu fikirləri Metbuat.az-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Media haqqında” yeni qanunu şərh edərkən söyləyib. M.Ələsgərli qeyd edib ki, qanunda çox sayda pozitiv dəyişiklikləri sadalamaq olar. Media eksperti, bir qrup etirazçının yeni qanun haqqında neqativ fikirlərə köklənməsi məsələsinə də aydınlıq gətirərək bildirib ki, qanunun gətirdiyi yenilikləri oxumaq, məntiqinə varmaq bir qədər təcrübə və zaman tələb edir.

“Qanunda çox saylı müsbət məqamlar var ki, hazırda Azərbaycan praktikasında ilk dəfə tətbiq ediləcək. O baxımdan anlaşılmazlıqların olması, iradların bildirilməsi təbiidir. Hesab edirəm ki, qanunu oxuyanlar onu dərk etdikdən, mahiyyətinə vardıqdan sonra tətbiq ediləcək yeniliklərlə özləri də razılaşmış olacaqlar. Məsələnin ikinci tərəfi də odur ki, tənqidi sadəcə tənqid xatirinə edənlər də var. Bu insanlar məhz gündəmdə qalmaq üçün tənqid yolunu seçiblər. Diqqət etsəniz görərsiniz ki, həmin tənqid edənlər heç qanunu sona qədər oxumayıblar. Bəs, necə bir qanunu sona qədər oxumadan onun barəsində tənqidi fikirlər səsləndirmək olar? Bəzi insanlar tənqid ilə təklifi qarışdırırlar”.

M.Ələsgərli bildirib ki, Media İnkişaf Agentliyi bu qanunu hazırlamağa başladığı gündən etibarən media ictimaiyyəti ilə çox geniş müzakirələr aparmışdı. Həmin müzakirələrdə 800-dən çox şəxs, qurum iştirak edib.

“Dekabrın 10-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Bilirsiniz ki, sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq dövlətin əsas vəzifələri kimi göstərilib. Bu müzakirələrin məqsədi odur ki, insanlar yeni qanunla bağlı təklif və iradlarını bildirsinlər. Əgər onların səmərəli olacağına inandıqları fikirlər varsa, təqdim etsinlər. Məsələ ondadır ki, media mütəxəssisləri və bu sahəylə maraqlanan şəxslər qanunla bağlı təkliflərini verməli idilər ki, mövcud boşluqlar aradan qaldırılsın. Amma təkliflər verməmək, üstəlik də qanun barədə tənqidlər səsləndirmək burada artıq səmimiyyətin olmamasına dəlalət edir. Qeyd etdiyim kimi qanun yeniliklərlə zəngindir, təkliflər üçün açıqdır. Kiminsə hansısa təklifi varsa, onu təqdim edib tətbiqinə nail ola bilər. Bu şəraitlər daxilində təkliflərlə deyil, tənqidlərlər çıxış etmək artıq o şəxslərin başqa düşüncələrdə olmasına dəlalət edir”.

Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də "freelancer" - sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Ekspert sərbəst çalışan jurnalistlərin fəaliyyətinə diqqət çəkərək bildirib ki, bu gün “freelance” jurnalistlər da özünün inkişaf dövrünü keçsə də, müəyyən çətinliklərlə üzləşirlər. Yeni qanun bu problemi də aradan qaldırır.

“Dünyada və Azərbaycanda uzun müddətdir mövcud olan "freelancer" - sərbəst çalışan jurnalistlər internet mediasının sürətli inkişafından sonra kəmiyyəti bir qədər də artdı. Amma burada onların hüquqlarının tanınmasında çətinliklər vardı. Onlara bir sıra problem yaradan bu məsələ pandemiya, sərt karantin rejimində daha da özünü biruzə verdi. Jurnalistlərə hərəkət azadlığı verilsə də, "freelancer" - sərbəst çalışan jurnalistlər bundan yararlana bilmirdilər. Həmin vaxt Mətbuat Şurası Nazirlər Kabinetinə müraciət edərək "freelancer" - sərbəst çalışan jurnalistlər üçün də şərait yaratmasını xahiş etdi. İndi isə yeni qanunla qanunvericiliyə uyğun olaraq, onların da hüquqları bərpa olunacaq. Azərbaycanın yeni tətbiq edəcəyi bu praktika Avropa üçün də nümunədir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR