Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur -

"Ermənistan baş naziri Nikol Paşinyanın ötən il noyabrın 10-da imzaladığı təslimçilik aktında üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməkdən başqa ayrı yolu yoxdur. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistanın dövlət başçıları arasında keçirilən görüşün nəticəsi haqda rəsmi bəyanatı məhz bundan xəbər verir".

Metbuat.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Əliyev deyib. Onun fikirlərinə görə, sənəddə açıq şəkildə vurğulanır ki, Avropa Birliyi üçtrəfli Bəyanatda nəzərdə tutulan öhdəlikərin yerinə yetirilməsini, Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının imzalanmasını, bununla bağlı birbaşa danışıqlara başlanmasını, minalanmış ərazilərinin xəritələrinin tam təqdim edilməsini, itkin düşmüşlərlə(birinci Qarabağ savaşı zamanı bizim 4 minə yaxın belə soydaşımız olub) bağlı dəqiq bilgilər verilməsini istəyir. Brüssel səhrədlərin dəqiqləşdirilməsinin də tezləşdirlməsinin tərəfdarıdır və bu yöndə kömək edə biləcəyini də diqqətə çatdırır.

"Ermənistanın baş naziri Nikol Paşinyan özünə xas populistliklə bunu qələbəsi kimi təqdim etməyə çalışsa da, dəhliz məsələsində də Avropa Birliyinin sərgilədiyi mövqe bununla bağlı indiyə kimi stol üzərində olan digər təklifdən açıq deməliyik ki, Azərbaycanın maraqları baxımından daha əlverişlidir. Paşinyan dəhlizdən danışarkən burada gömrük və sərhəd qaydalarına əməl olunacağını vurğulayır. Amma onun açıqlamasında həmən qaydaların tərəflərin suverenliyinin qarşılıqlı gözlənilməsi şərtiylə tətbiq ediləcəyi də öz əksini tapıb ki, bu da Prezident İlham Əliyevin Zəngəzur dəhlizində Ermənistan gömrük postu və sərhəd məntəqəsi qurduğu halda Azərbaycanın da Laçın yolunda da oxşar addım atmaq haqqının olduğu haqda tələbinin yerinə yetirilməsi deməkdir. Bu həm də o deməkdir ki, Ermənistandan Qarabağa gələnlərlə gətirilənlər artıq Rusiyanın oradakı hərbi kontingentinin deyil, Azərbaycan sərhədçi və gömrükçülərinin kontrolundan keçəcək".

Millət vəkili qeyd etdi ki, Brüssel danışıqlarından və danışıqların sonunda Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin rəsmi açıqlamasından gəldiyi nəticə bundan ibarətdir ki, rəsmi Bakının xarici siyasətdəki balanslı davranışı postkonflikt dönəmində də davam edəcək. Azərbaycanla Ermənistan arasında vasitəçilikdə inhisarçılıq yoxdur və olmayacaq.

"Əgər Ermənistan rəhbərliyi milli maraqlardan çıxış etmək istəsə, ümumiyyətlə vasitəçiyə ehtiyac qalmayacaq. Amma bütün hallarda cəbhədə olduğu kimi danışıqlarda da dominant və diqtə edən tərəf rolunda Azərbaycan çıxış edir, edəcək. Sonda onu da qeyd edim ki, bəziləri Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsini gözdən salmaq üçün Zəngəzur dəhliziylə Laçın yolunun eyni status daşımasının guya Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinin gələcəkdə Ermənistanın bir hissəsi sayılması təhlükəsini yaratdığını bildirirlər. Bütün dünya, Rusiya özü də Prezidenti səviyyəsində Qarabağın da Naxçıvan kimi Azərbaycan torpağı olduğunu deyir. Hətta Paşinyan belə arada buna eyham vurur. Heç kəs yaddan çıxarmasın ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsi dedikdə söhbət ətrafında Azərbaycan ordusunun iyirmiyə yaxın hərbi hissəsinin, yüzdən artıq döyüş-xidmət postunun və yaxın gələcəkdə yüz minlərlə soydaşımızın yerləşəcəyi torpağımızdan gedir" deyə millət vəkili fikirlərini tamamlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR