Pediatr: "Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir"

"Boy artımı ən çox ana bətnində baş verir. Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir.".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov deyib.

"Nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Sümüklərin uzunluğu böyümə plastinalari – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir.

Uşağın sağlam həyat sürməsi üçün böyümə və inkişafını izləmək çox vacibdir. Uşaqlarda böyümə və inkişafın monitorinqində ən çox istifadə edilən ölçmələr bunlardır: yaşa görə boy; yaşa görə çəki; boy üçün bədən çəkisi; bədən kütləsi indeksi. Uşaqların böyümə və inkişafını izləmək, mövcud sağlamlıq vəziyyəti, uşağın rasional və balanslı qidalanıb-qidalanmaması kimi bir çox mövzuda göstərici ola bilər. Valideynlərə tövsiyəm uşaqları 6-7 aya qədər ayda bir dəfə, sonra isə 2-3 aydan bir rutin müayinəyə aparmaları istiqamətindədir. Yəni bu şəkildə mütəmadi olaraq uşaqların izlənməsi əhəmiyyətlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR