Bakıda BU AVTOBUSUN SÜRÜCÜSÜ narkotik istifadə edərək

Narkotikin təsiri altında və sərxoş vəziyyətdə avtobus idarə edən şəxs həbs olunub.

Bu barədə Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, dekabrın 13-də BDYPİ-nin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb.

Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.

Toplanan materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

Qeyd edirik ki, cari ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb.

"Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib. Eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir", - BDYPİ-dən bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR