"Sumqayıt"ın sabiq baş məşqçisi: "Dəyişiklik istədim, baş məşqçini dəyişdilər"

"Sumqayıt"da çalışanda hər zaman problemləri açıq şəkildə demişəm".

Metbuat.az xəbər verir ki, bunu "Sumqayıt" futbol klubunun iki gün bundan öncə istefaya göndərilən baş məşqçisi Ayxan Abbasov Report-a müsahibəsində deyib:

"Əslində çətinlikləri bilib ora getmişdim. Ovaxtkı komanda ilə indiki arasında dağlar qədər fərq var. Komandanın formalaşması, inkişafı üçün əlimdən gələni etmişəm. Təbii ki, rəhbərlik də hər zaman mənə dəstək oldu. Klubumuz tarixində ilk dəfə avrokuboklarda iştirak etdi. Ardınca yenə Avropa Liqası, Premyer Liqada bürünc medal. Bunlar mənim üçün böyük nailiyyətdir. Şəhərin arzusunu gerçəkləşdirdik. Amma getdikcə daha da inkişaf etməlisən. Çünki digər komandalar güclənir. Yerində saysan, irəli gedə bilməzsən. Əlbəttə, çətinliklər var idi və bunu hamı bilirdi. Belə bir qərar qəbul etdilər. Görək, bundan sonra necə olacaq (gülür). Hər kəs hər şeyi görür və bilir. Ola bilər, klub nəyisə dəyişmək istəyir, planda mən yoxam".

Baş məşqçi klubun müqaviləni pozmasına münasibət bildirib:

"Səbəb odur ki, rəhbərlik bu gün belə düşünür. Həmişə deyirdim ki, komandada dəyişiklik lazımdır. Yəni, oyunçular alınmalı idi. Bəzi futbolçular gözləntilərimizi doğrultmadılar. Qışdan sonra dəyişiklik mütləq idi. Rəhbərlik isə düşündü ki, bəlkə baş məşqçini dəyişsək, uğurlu olar. Bunu deyə bilmərəm",- deyə oqeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR