“Bu, uğursuzluq idi, biz həqiqəti deməliyik”

“İlk növbədə, demək istərdim ki, Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənə kimi 28 il ərzində fəaliyyət göstərdilər”.

Metbuat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində jurnalistin “Siz Ermənistan silahlı qüvvələrinin birinci müharibə zamanı ələ keçirdiyi rayonları ayyarıma geri qaytardınız. Demək olar ki, 15 illik danışıqlarda Siz bu nəticəni əldə etməmişdiniz. Mənim sualım belədir: Əvvəllər Minsk qrupunun fəaliyyətinin qeyri-rəsmi olaraq status-kvoya, sadəcə, sülhün saxlanılmasına yönəldiyi görünürdü. Bu, bəlkə də Rusiya üçün əlverişli idi ki, o, işlər bu cür getdiyi müddətdə rol oynaya bilsin. Minsk qrupunun rolu ilə bağlı fikirləriniz nədən ibarətdir? Çünki Sizin özünüzdə də bu qrupun fəaliyyəti ilə bağlı skeptisizm, hətta məyusluq var idi” sualına cavabında deyib.

“Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik.

Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR