Türk lirəsi "özünə gəlir" :

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamadan sonra lirə dollar qarşısında sürətlə bahalaşmağa başlayıb. Lirənin "dirilişi" planı elan olunduqdan sonra vətəndaşlar xarici valyutada olan əmanətlərini milli valyutaya çeviriblər, bu da lirəyə tələbatı artırdığından dolların ucuzlaşmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən iqtisadçı ekspert Qalib Toğrul deyir ki, Türkiyə lirəsinin bir günün içərisində (20 dekabr 2021) sürətlə ucuzlaşmasından qorxuya düşən hökumət məzənnə dəstəkli əmanət (kur korumalı mevduat) planını elan etdi. Bununla da dolların lirəyə olan nisbəti 18-dən 11-dək ucuzlaşdı. Ekspert xatırlatdı ki, Türkiyə hökuməti iddia edir ki, lirənin möhkəmlənməsinin arxasında başqa dəstək yoxdur, bazara hər hansı ciddi müdaxilədən söhbət gedə bilməz.


"Bu arqument (bir gündə lirəyə elan olunan səviyyədə ehtiyacın yaranması) o qədər inandırcı olmasa da, yeni siyasətin dolar-lirə münasibətlərinə müsbət psixoloji effekti birmənalıdır. Müxalif ekspertlər və müstəqil beynəlxalq mənbələr dekabrın 20-21-də Türkiyə Mərkəzi Bankının 7 milyard dollara yaxın ehtiyatı xərclədiyini iddia edirlər. İddia hələki rəsmi şəkildə təsdiqini tapmasa da, inandırıcılığı yüksəkdir. Elan olunan əmanət planının 2018-ci ildə gündəmə gəldiyi, lakin doğuracağı risklər səbəbindən plana o vaxtın Xəzinə naziri Berat Albayrak tərəfindən veto qoyulduğu bildirilir".

Bu planın effekti barədə danışan ekspert bildirdi ki, Türkiyədə dolların bir gündə sürətlə dəyərsizləşməsi iqtisadi əsaslardan çox, psixoloji amillərlə bağlı olduğundan hökumətin məqsədi qısa dönəmdə valyuta bazarındakı vəziyyəti sabitləşdirməkdir.

"Əgər yaxın 1-2 ayda valyuta bazarında sabitliyə nail olunarsa, bu, şəksiz ki, Türkiyə iqtisadiyyatının xeyrinə olacaq və müsbət təsirlərini göstərəcək. Hökumətin hədəfi dolları 9-10 lirə aralığında saxlamaqdır. Ancaq yeni planın neqativ təsirləri də qaçılmazdır. Əmanətlərin faizinin dolların məzənnəsinə bağlanması (məzənnənin doğurduğu itkilərin kompensasiyası) ölkədə inflyasiyanın artmasını tətikləyəcək və dövlət büdcəsi xərclərinin planlaşdırılandan daha yükəsk səviyyədə artmasına səbəb olacaq ki, bu da yekunda büdcə kəsirinin böyüməsinə gətirib çıxaracaq. Ancaq indiki halda inflyasiya riskinin artması Türkiyə iqtisadiyyatı üçün dolların lirəyə münasibətdə sürətlə bahalaşmasından daha az neqativ nəticələr vəd edir. Əgər dolların kursu sabitləşərsə, inflyasiyanın zərərli təsirlərini sonradan kompensasiya etmək mümkündür".

Məsələ ilə bağlı qəti şəkildə hökm vermək çətin olsa da, gələcəklə bağlı müəyyən konturları cızmaq mümkündür. İqtisadçı onu da vurğuladı ki, Türkiyə hökumətinin yeni əmanət planı birmənalı olaraq yaxın dövr üçün nəzərdə tutulub. Burada iqtisadi hədəflərlə yanaşı, siyasi maraqlar da var.

"Bircə onu yadınıza salın ki, lirə ucuzlaşmağa başlayandan müxalifət partiyaları növbədənkənar (erkən) seçki ilə bağlı iddialar səsləndirir, iqtidarı vaxtından əvvəl seçkiyə getməyə məcbur etməyə çalışırlar. Ehtimal etmək olar ki, yaxın aylarda dolların kursu 12-14 lirə arasında var-gəl edəcək. Əgər qeyd olunan aralıqdan kənara çıxmazsa, o zaman hökumət əlavə iqtisadi alətlərin köməyi ilə inflyasiya riskini də minimumlaşdıra biləcək",- deyə Qalib Toğrul fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR