Prezidentin Hadrut səfəri bağlı ÖNƏMLİ ŞƏRH:

"24 dekabr 2021-ci ildə ölkə başçısı cənab İlham Əliyev işğaldan azad edilmiş Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər etdi. Bu səfər çərçivəsində diqqəti çəkən bir sıra nüanslar olsa da, fikrimcə ən vacib nüanslardan biri də ölkə başçısı və silahlı qüvvələrin ali baş komandanı cənab İlham Əliyevin Xocavənd rayonu, Hadrut qəsəbəsində Komando hərbi birliyinin açılışını etməsi, yeni yaradılmış Komando birliyinin hərbi andını qəbul etdikdən sonra orada söylədiyi nitqdir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Samir Hümbətov edib. Siyasi analitikin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həmin tədbirdə çıxış edərkən yeni yaradılan hərbi hissəllər ilə bağlı açıqlaması Azərbaycanın gələcək ordu peşəkarlığının artırılmasına bir işarədir.

"Ölkə başçısı qeyd etdi ki, belə briqadaların sayı bir yox, iki yox, daha çox olacaq. Bu isə o deməkdir ki, Azərbaycan həm yeni və müasir silahlar almaqla yanaşı həm də ordunun peşəkarlığını artırmaqla dünyanın inkişaf etmiş ordularının ön səralarına qərarlaşmasına çalışır. Digər tərəfdən isə yeni yaradılan hərbi hissənin yerləşdiyi məkan bir sıra cəhətləri baxımından çox vacib əhəmiyyətə malikdir. Burada həm dağlıq və meşəlik regionda yerləşməsi, həm təbii coğrafi şərait, həm ermənilərin Hadruta iddialarının hələ də davam etməsi, həm də rus "sülhməramlıları" və erməni terrorçu dəstələrinin tör-töküntülərindən qısa məsafədə yerləşməsidir. Bu komandoların qardaş Türkiyə hərbi sisteminə uyğun olaraq təşkil edilməsi ilə bağlı Prezidentin dedikləri ona dəlalət edir ki, Cənab İlham Əliyevin əsas hədəfi yeni peşəkar ordu birliklərini yaratmaqla Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin kiçik modelinə çevirəcəkdir. Bu isə Azərbaycan üçün olduqca önəmli məsələ hesab edilir".

Samir Hümbətovun sözlərinə görə, diqqəti çəkən bir məsələ də ondan ibarətdir ki, yeni yaradılan komando briqadasının məhz Hadrutda yaradılmasının xüsusi mesajları var.

"Qeyd etdiyim kimi, bu mesajların birincisi Ermənistana verildi. Yəni gözünüzü Hadrutdan və Qarabağdan çəkin. İkinci mesaj odur ki, Azərbaycan torpaq məsələsində heçkimə güzəştə getmir. İstənilən an öz ərazilərimizi istənilən gücdən qorumağa qadirdir. Hesab edirəm ki, bundan sonra nə ermənilər, nə də ona açıq və gizli şəkildə dəstək verən qüvvələr Azərbaycana qarşı təcavüzkarlıq niyyəti ilə yanaşa bilməyəcəklər".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR