Müqavilənin imzalanması Qarabağda ermənilərə nəzarət DEMƏK DEYİL - Asif Nərimanlıdan AÇIQLAMA

"Nikol Paşinyan baş verənlərə görə keçmiş hakimiyyəti ittiham edir, bildirir ki, əgər o vaxt Qarabağın statussuz vəziyyəti ilə danışıqlar prosesinə razılıq verilsəydi, vəziyyət bu həddə çatmazdı, məhz buna görə indi “statusun” Azərbaycan Konstituasiyana uyğun həlli vəziyyəti yaranıb".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı edib. Onun sözlərinə görə, Nikol Paşinyanın son müsahibəsi Qarabağ və regional proseslər baxımından birdən çox ciddi açıqlamalarla yadda qalsa da, əvvəlki çıxışları ilə müqayisədə həm yeni fikirləri, həm də müəyyən iddialarından imtina etməsi ilə diqqət çəkib.


"Paşinyan 2016-cı ilin “aprel müharibəsi”ni xatırladır və mesaj verir ki, “status” məsələsinin “dəfn edilməsi” onun yox, keçmiş hakimiyyətin günahıdır. Nikolun açıqlamasına görə, BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb, o vaxtdan ATƏT-in Minsk qrupu həm də regionun statusu məsələsi ilə məşğul olub. Lakin 2016-cı ildə status məsələsi yenidən BMT TŞ-yə qaytarıldı və bu, Ermənistan üçün “fəlakət”lə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil. Əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil idi. Paşinyan onu da qeyd edir ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları heç vaxt mübahisəli olmayıb, olmayacaq da. “Dağlıq Qarabağ Muxtar Vilayəti” danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərdə keçirilməyib, ən azından erməni-azərbaycanlı icması olaraq qəbul edilib. Bölgənin müqəddəratını yalnız azərbaycanlı sakinlərin iştirakı ilə həll etmək olar".

Ermənistan Baş naziri “aprel müharibəsi” barədə də maraqlı açıqlamalar verib. Asif Nərimanlı bu barədə danışaraq qeyd edib ki, Paşinyan fikirlərində “Kazan düsturu”nun Azərbaycanın razılaşmadığı “aralıq statusu” məsələni nəzərdə tuturdu. 2016-cı ilin yanvarında isə vasitəçilərin yeni sənədlər paketində “Qarabağın aralıq statusu” ifadəsi yox idi, erməni tərəfi bununla razılaşmadı və nəticədə “aprel müharibəsi” baş verdi.

"Erməni baş nazir bununla bəyan edir ki, birinci “statusun” olmayacağı ilə razılaşmağa məcburdurlar və buna görə o yox, keçmiş hakimiyyət məsuliyyət daşıyır. İkincisi, erməni cəmiyyətinə “Minsk qrupu formatında “status”un gündəmdə qalmasına çalışacağını” vəd etsə də, ciddi nəticə gözləməməyin də mesajını verir. Paşinyan çıxışı ilə bağlı yaranan etiraza münasibət bildirərkən, müəyyən korrektlər etsə də, yenə ümumi mövqeyini saxladı və hər şeyə görə günahkarın keçmiş hakimiyyət olduğunu bəyan etdi. Düşünürəm ki, proseslərin yekun sülh sazişinə doğru getdiyi müşahidə edilir. Paşinyan da bildirir ki, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”. Əvvəl də bu haqda danışmışdı, lakin İrəvanın gündəliyi çərçivəsində. İndi isə sülh müqaviləsində Bakının gündəliyinə yaxın mövqedən çıxış edir".

Siyasi şərhçi onu da qeyd edib ki, istisna deyil ki, Sankt-Peterburqda gözlənilən Əliyev-Paşinyan görüşündə sülh müqaviləsi də müzakirə olunacaq. Amma sülh müqaviləsi hələ Qarabağda ermənilərin yaşadığı ərazilərə nəzarətimizi bərpa etməyimiz demək deyil. Bu daxili məsələmiz olan ayrı mərhələdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR