Nəriman Abdullayev: “Avropa Oyunlarında 5 medal qazanacağımıza inanıram”

Nəriman Abdullayev: “Avropa Oyunlarında 5 medal qazanacağımıza inanıram”
11:29 30 May 2015
135 İdman
Ölkə mətbuatı
A- A+

“Avropa Oyunlarına hazırlığın növbəti mərhələsini dəniz səviyyəsindən yüksək ölkədə keçirməyi planlaşdırırdıq. Bu səbəbdən təlim-məşq toplanışı üçün Meksikanı seçdik. Burada hazırlaşdığımız yer dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşirdi”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, boks üzrə Azərbaycan millisinin məşqçisi Nəriman Abdullayev deyib.

 

Təcrübəli mütəxəssis yığmamızın Avropa Oyunlarına hazırlığı çərçivəsində Meksikada keçdiyi təlim-məşq toplanışı, qitədə ilk dəfə təşkil olunacaq yarışda medal gözləntilərimiz və boksçularımızın hazırkı durumu barədə danışıb. O bildirib ki, Şimali Amerikada bir neçə ölkənin millisinin məşq etməsi də komandamız üçün faydalı olub: “Burada bizimlə birgə bir neçə ölkənin komandası da hazırlıq keçirdi. Xüsusilə, ev sahibləri güclü heyətlə məşqlərə qatılmışdı və onların aşağı çəkili boksçuları çox güclüdür. Bizə gəlincə, 20 idmançı ilə təlim-məşq toplanışı keçirdik. Hər çəkidə 1 və 2 nömrəli boksçularımız məşqlərə dəvət edilmişdi. Əslində, hələlik onlara 1 və 2 nömrə demək də düzgün deyil. Çünki Avropa Oyunlarına şans qazanmaq üçün rəqabət davam edir. Yekunda hansı boksçu güclü olacaqsa, o da millidə yer alacaq”.

 

N. Abdullayev Meksikaya yollanan heyətdə 64 kq, 81 kq və +91 kq çəki dərəcələrində 1 boksçunun yer almasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bəzi idmançılar əsas heyətdə yerlərini təmin etsələr də, komandanın tam tərkibini açıqlamaq hələ tezdir: “Bəli, bəzi boksçular yerlərini təmin ediblər. Lakin bunu hələ tam əminliklə demək də düzgün olmaz. Məsələn, axırıncı məşqlərimizdə 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev burnundan zədələndi, kiçik bir çat əmələ gəldi. O yenidən müayinədən keçəcək və həkimlər razılıq verərsə, rinqə çıxmağa hazırdır. Yəni, bu hadisələr son günlərdə də ola bilər”.

 

Yığmamızın məşqçisi Avropa Oyunlarında 10 çəki dərəcəsində 17 boksçunun son məşqlərə kimi izlənəcəyini deyib. O bildirib ki, ehtiyat qüvvə də hazır səviyyədə olduğundan seçim bir qədər çətinləşib: “49 kq çəki dərəcəsində yığmanın düşərgəsində 2 layiqli boksçu yer alıb. Bunlar Avropa çempionumuz Salman Əlizadə ilə bir çox yarışların mükafatçısı Rüfət Hüseynovdur. Hazırlıq davam etdiyindən, rəqabət də sona kimi getməlidir. 52 kq çəki dərəcəsində eyni səviyyəli 2 boksçumuz – Elvin Məmişzadə ilə Məsud Yusifzadə Avropa Oyunları üçün şans gözləyirlər. Burada Məmişzadə təcrübə baxımından rəqibindən üstündür. Yusifzadə isə fiziki və texniki cəhətdən Elvini üstələyir. Həmçinin, gəncdir, döyüşkəndir. Amma hansının heyətdə yer alacağına bu günlərdə aydınlıq gələcək”.

 

N. Abdullayev Elvin Məmişzadənin son illərdə WSB Liqasında “Baku Fires”in heyətində çıxış etməsini ciddi problem saymır. Onun sözlərinə görə, APB Liqasında güclərini sınamış boksçuların Avropa Oyunlarında iştirakı üçün qoyulan qadağa da artıq aradan götürülüb: “Orada qaydalar nisbətən fərqlidir, həvəskar boksda olmayan bəzi hərəkətlərə göz yumulur. Əlbəttə, WSB Liqasından gələrək, həvəskarlar arasında döyüşəndə idmançı bəzən səhvə yol verir və bu zaman hansısa cərimələr tətbiq olunur. Eləcə də, APB Liqasında maykasız döyüşürlər. Onlar arasında həlledici mərhələlərdə döyüş də 8 raund davam edəcək. 3 raundla 8 raund arasında fərq çox böyükdür. Əvvəlcə qərar vardı ki, APB Liqasında çıxış edən boksçular Avropa Oyunlarına buraxılmayacaqlar. Amma bu məsələlər sonradan həll olundu və həmin idmançılar yarışa buraxılacaqlar”.

 

Çəkilər üzrə idmançılarımızın hazırkı durumunu qiymətləndirən çalışdırıcı APB Liqasında mübarizə aparmış dünya çempionumuz Cavid Çələbiyevlə Tayfur Əliyev arasında da ciddi rəqabətin getdiyini vurğulayıb. Lakin Avropa Oyunlarında 56 kq çəki dərəcəsində Çələbiyevin rinqə çıxacağı daha inandırıcı görünür. 

 

60 kq çəki dərəcəsində də ciddi rəqabət var. Çünki bu çəkidə WSB Liqasında reytinqdə birinci olmaqla, Rio-de-Janeyro Olimpiadasına lisenziyanı təmin edən Albert Səlimov kimi Avropa çempionumuz Elvin İsayev da əla formadadır. N. Abdullayev Avropa Oyunlarında Rio üçün lisenziyaya sahib Səlimovu sınaya biləcəklərini istisna etməyib: “Bu yarışda Alberti sınaya bilərik. Amma yoxlamamış deyə bilərik ki, bu idmançı həvəskarlar arasında dünya və Avropa çempionu olub, Yay Olimpiya Oyunlarında iştirak edib. Təcrübəsi də böyükdür. Elvin isə Avropa çempionumuzdur, gəncdir və uğurlarının davamını gətirmək arzusundadır. Onlardan da ən güclüsünü heyətdə saxlayacağıq”.

 

Mütəxəssis boksçuların seçilməsi üçün yoxlama döyüşlərinə ehtiyac olmadığını qeyd edib: “Yoxlama döyüşləri olmayacaq. Lakin 2-3 çəkidə ən güclünü müəyyənləşdirmək üçün bundan istifadə də edə bilərik”.

 

N. Abdullayev bəzi çəkilərdə aşkar favoritlərin olduğunu da deyib. Son təlim-məşq toplanışına 64 kq çəki dərəcəsində Sotomayor Lorenzonun tək qatılması onun yerini təmin etməsi anlamına gəlir. Lakin mütəxəssis lazım olarsa, Kuba əsilli boksçunun çəkisində əlavə idmançının çağırılacağını da deyib: “Bu, Heybətulla Hacıəliyevdir. O da “Baku Fires”in heyətində WSB-də döyüşürdü və özünü yaxşı tərəfdən göstərirdi. Amma Bakıda hazırlıq keçən Fransa və Özbəkistan millilərinin üzvləri ilə yoxlama görüşlərində Lorenzo yaxşı təsir bağışlayıb. O, düşərgədə hələlik tək olsa da, Hacıəliyevin də bizə qoşulması mümkündür. 69 çəki dərəcəsinə gəldikdə, Tamerlan Abdullayev həmişə həvəskar boksda olub. Onunla eyni çəkidə döyüşən Pərviz Bağırov isə son mövsümü “Baku Fires”də hazırlaşıb. Buna baxmayaraq, Meksikada hazırlıqda  hər ikisi heyətdə olub, məşqçilər korpusu tərəfindən izlənilib. Məsələyə tam aydınlıq gəlməyib və son mərhələdə hər ikisinin bir daha yoxlanılması qərara alınıb”.

 

Ağır çəkili boksçularımızdan Soltan Migitinov da favorit hesab olunur. Çünki hazırda düşərgədə 81 kq çəki dərəcəsində təkdir. London Olimpiadasından sonra bu çəki dərəcəsində döyüşməyə başlayan Teymur Məmmədov isə yenə əvvəlki kimi 91 kq-da çıxışını davam etdirəcək: “Teymurun çəkisi həmişə az olub. Olimpiya Oyunlarında, dünya çempionatında 82,5-83 kq çəkidə olub. 91 kq çəki dərəcələrində adətən özləri çəkilərini salırlar ki, bir qədər rahat döyüşsünlər, texnikaları və sürətləri artsın. Məmmədovda isə əksinə, qidalanmanı artırırdıq ki, çəkisi qalxsın. Bu səbəbdən onun sürəti əladır və nəticəsində də gözəl döyüş nümayiş etdirir. Düzdür, WSB-də döyüşəndə onun bir qədər fiziki zəifliyi hiss olunurdu, bir balaca çətinlik çəkdi. Amma hazırda çəkisi də, fiziki durumu da yaxşıdır. Ümid edirik ki, Teymur boyunun hündür olması və gözəl döyüşü ilə özünü yenə yaxşı tərəfdən göstərəcək”.

 

Avropa Oyunlarında +91 kq çəki dərəcəsində 2 qat dünya çempionumuz Məhəmmədrəsul Məcidovun mübarizə aparacağı şübhə doğurmur. N. Abdullayev də Olimpiya mükafatçımızı yarışa tam hazır hesab edir: “Məcidov boksa gəldiyi gündən sübut edib ki, fiziki cəhətdən çox güclüdür. Bunu bir deyil, çıxış etdiyi çoxsaylı yarışlarda da nümayiş etdirib. Döyüşlərini əsasən nokdaun və nokautla bitirir. Hazırda çox yaxşı formadadır. Güclü rəqiblərə qarşı öz sözünü deməyə də tam hazırdır”.

 

Komandamızın məşqçisi Avropa Oyunlarına hazırlığın son mərhələsi barədə də danışıb. O bildirib ki, məşqləri paytaxtda davam etdirəcəklər: “Artıq fiziki hazırlıqlar başa çatıb. Son olaraq, texniki-taktiki çalışmalar üzərində işləyəcəyik. Bakıda təlim-məşq üçün bir çox yığmalardan təkliflər var. Onlar yekun mərhələni bizlə birgə keçirmək istəyirlər. Komandaların sayı çox olsa da, təxminən deyə bilərəm ki, Gürcüstan və İrlandiya bizlə birgə məşq edəcəklər. Bu mərhələdə də boksçularımızın hansının daha güclü olması dəqiqləşəcək. Ölkəmizdə hazırlıq keçəcək komandalarla da yoxlama deyil, texniki-taktiki döyüşlər nəzərdə tutmuşuq”.

 

Mütəxəssis Avropa Oyunlarında medal gözləntilərini də açıqlayıb. O bildirib ki, əyarlarını deməkdə çətinlik çəksə də, komandamızın 5 medal qazanacağına inanır: “Ümidlərimiz böyükdür. Avropa Oyunlarının doğma divarlar arasında keçirilməsi bir tərəfdən ruh yüksəkliyidirsə, digər tərəfdən məsuliyyətdir. Amma təxminən 5 medal qazanacağımıza ümid edirik”.

 

N. Abdullayev kişilərdən ibarət yığmamız kimi qadınlardan ibarət komandamıza da böyük ümidlər bəsləndiyini deyib. Onun sözlərinə görə, bu millimizin də hazırlığı çox yüksək səviyyədə davam edir: “Ölkə xaricində təlim-məşq toplanışları keçiblər. Təcrübələri az olsa da, komanda pis deyil. Yana Alekseyeva (60 kq) və Yelena Vıstropovaya (64 kq) ümidlərimiz böyükdür. Yığmamız yaxşı vəziyyətdədir”.

 

Məşqçi favorit ölkələr sırasında yenə Rusiya yığmasını lider sayır. O bildirib ki, son illərdə Ukrayna boksçuları yaxşı çıxış etsələr də, oradakı hadisələr yığmaya təsirini göstərib: “Məndə olan məlumata görə, bir qədər zəifləyiblər. Hər halda bir neçə çəki dərəcəsində güclü boksçuları var. İrlandiya, İtaliya milliləri də liderlər sırasındadır. Amma bəzən digər komandalarda da gözlənilməz nəticələr qeydə alınır. Böyük Britaniyada isə ağır çəkili boksçulara üstünlük verilir. Bu da səbəbsiz deyil. Çünki müəyyən vaxtdan sonra onlar qonorarları daha çox olan peşəkar boksda qüvvələrini sınayırlar”.

 

N. Abdullayev Azərbaycan gələcək Ermənistan millisini güclü hesab etmir. O bildirib ki, əgər Avropa Oyunlarında Azərbaycan boksçuları işğalçı ölkə təmsilçisi ilə düşərsə, mərhələ adlamasında hansısa bir çətinlik yaşamayacaq: “Ermənistan boksu 5-6 il öncə çox zəifləmişdi. Bu yaxınlarda bir qədər səviyyəni qaldırıblar. Amma hesab edirəm ki, Avropa Oyunlarında onlarla düşəriksə, Azərbaycan boksçuları rəqibinə heç bir şans verməyəcəklər. Onların medal qazanmalarına gəlincə, ermənilərin yüngül çəkidə bir qədər güclü boksçuları var. Ağır çəkilərdə zəifdirlər”.

 

Çalışdırıcı Ermənistan yığmasının Bakıya əsas baş məşqçi David Torosyanın deyil, gənclərdən ibarət komandanın məşqçisi Karen Aqamalyanın rəhbərliyi altında gəlməsinə də münasibət bildirib: “Bu barədə mən də məlumatlıyam. Keçmiş SSRİ vaxtında Torosyan tanınmış idmançı olub, 2 dəfə bu ölkənin çempionudur, Olimpiadanın bürünc mükafatını qazanıb. Amma onun danışığı, ölkəmizə gəlməkdən imtina etməsi xoşagəlməzdir. Çünki Azərbaycan bütün komandalara eyni səviyyədə yanaşacaq, necə qəbul edəcəksə, elə də yola salacaq. Həmçinin, bu məsələnin idmana aidiyyəti olmamalıdır. Aqamalyana gəlincə, o, Bakıda doğulub. Azərbaycan boksunun yetirməsidir. Keçmiş SSRİ vaxtında respublikamızın əsas komandasında da çalışdırıcı işləyib. Ermənistana getdikdən sonra yığmanın baş məşqçisi idi. Lakin bir qədər əvvəl postunu Torosyana təhvil verib. Hər halda kim necə gəlirsə-gəlsin, bizlə düşsələr, öz sözümüzü deyəcəyik”.

 

N. Abdullayev Avropa Oyunları üçün yekun heyəti ölkəmizə gələcək komandalarla hazırlığından sonra açıqlanacaqlarını deyib. O, həmçinin siyahıda ehtiyat boksçuların adlarının da yer alacağını diqqətə çatdırıb.

 

Mütəxəssisin sözlərinə görə, ölkəmizdə boks idman növünə göstərilən diqqət və qayğı yeni nəslin yetişməsində də mühüm rol oynayır. O bildirib ki, artıq yeniyetmə və gənclər özlərini yaxşı tərəfdən göstərirlər: “Regionlarda boksa maraq daha da artıb və fikir verilir. Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov tərəfindən böyük işlər görülür. Bölgələr bütün ləvazimatlarla təmin olunub. Qəbələdə çox yaxşı şərait yaradılıb, biz əsas komanda ilə orada dəfələrlə təlim-məşq toplanışları keçmişik. Olimpiya Oyunları öncəsi Kuba, Bolqarıstan və Türkiyə yığmalarını da buraya hazırlığa dəvət etmişdik. Sotomayoru da boksumuza bu klub bəxş edib. O, Azərbaycan çempionudur. Düzdür, ölkə kubokunda qaşı partladı. Amma özünü doğruldub, millimizin lideridir. Biz boksu kütləviləşdirmək üçün regionlarda inkişafa çalışırıq. Çünki Bakıdan kənarda elə uşaqlar var ki, Azərbaycan birinciliklərində və ya çempionatında iştirak edə bilmir. Yaxud yaxşı boksçu ola bilməsi üçün üzə çıxarmaq lazımdır. Hazırda bu məsələ əsas diqqət mərkəzindədir və belə uşaqları yığmaya cəlb edirik. Əvvəl millinin əsasını əsasən Bakıda yetişən idmançılar təşkil edirdisə, artıq bölgələr da əsas komandaya kifayət qədər boksçu verirlər”.

 

Yekunda azarkeşləri boks yarışlarının keçiriləcəyi “Kristall Hall”a dəvət edən N. Abdullayev döyüşlərin olacaqları zalı da yüksək qiymətləndirib: “Burada test yarışları oldu və deyə bilərəm ki, əla keçdi. Zalın böyük olması və yeri çox yaxşıdır. Buraya bokssevərlər çox gələrsə, oturacaqların sayını artırmaq da mümkündür. Azarkeşlər gəlib döyüşlərə baxsın və boksçularımızı dəstəkləsinlər”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204270

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR