​Zəfər bayramına sevinc qatan akt

Ermənistanın növbəti təxribatlarına qarşı başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində möhtəşəm qələbəmizi şərtləndirən bir neçə amil var idi. Onlardan ən önəmlisi isə Prezident-Xalq-Ordu birliyi idi. Sevindirici haldır ki, müharibə günlərində bütün azərbaycanlılar milli həmrəylik, birlik nümayiş etdirdi. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında birləşdi. Məhz bu birliyə, həmrəyliyə güvənən dövlət başçımız belə bir şərəfli və çətin missiyanı uğurla həyata keçirdi. Qürur dolu Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın mövcudluq tarixinin ən uca və ən şərəfli səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin hərbi-siyasi qələbəsi ilə bitən bu savaş ilk növbədə dünyaya Azərbaycanın və onun xalqının qüdrətini nümayiş etdirmiş oldu.

Hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibədən sonrakı mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti hər bir dövlət və cəmiyyət üçün önəmlidir. Azərbaycanda son 28 ildə olduğu kimi, II Qarabağ müharibəsindən sonra da vətənin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən müdrik siyasət sayəsində ötən 18 il ərzində hər zaman qorxmaz, igid hərbçilərimizin qəhrəmanlığı, cəsarəti və şücaəti dövlət tərəfindən yüksək qiymətləndirmiş, hərbçilərimizin maddi və sosial rifahı yaxşılaşdırılmış, qazilərimizə xüsusi diqqət göstərilmiş, şəhidlərimizin ailə üzvlərinə dərin ehtiram bəslənilmiş və ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsivə vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilmişdir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşımışdır. Xüsusi vurğulanmalıdır ki, dövlətimizin başçısının müvafiq Fərman və Sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Xeyirxah tədbirlər sırasında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüs əsasında Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndi rəhbər tutulmaqla, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın qəbul edilməsi də var.

Hər şeydən əvvəl vurğulamaq lazımdır ki, bu amnistiya aktı xalqımızın yeni bir tarixi gününə, 8 Noyabr – Zəfər Gününə həsr olunub, digər tərəfdən isə qeyd olunmalıdır ki, əvvəlki amnistiya aktlarından tətbiqi dairəsinin genişliyinə görə fərqlənir. Bu baxımdan sözügedən akt daha çox xüsusi önəm kəsb edir və xalqımız ikiqat sevinclidir. Çünki Zəfər günümüzün ilk ildönümü ərəfəsində qəbul edilmiş amnistiya aktı çox sayda ailənin böyük sevincinə səbəb olub.

Amnistiya aktının, həm də Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi də eyni zamanda Azərbaycanda şəhidlərin ruhuna böyük ehtiramın və müharibə əlillərinə böyük diqqətin, qayğının növbəti təzahürüdür.

Qeyd olunan aktın əhatə dairəsinə böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə azadlığın məhdudlaşdırılması cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər; böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər, habelə az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan şəxslər də daxildir. Onu da qeyd etmək lazımdır ki, amnistiyanın tətbiqi aidiyyəti orqanlar tərəfindən 4 ay müddətində təmin ediləcəkdir.

“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan edilməsi haqqında” qərarın qəbulu çox böyük bir humanist addımdır və koronavirus səbəbindən yaşadığımız belə həssas günlərdə və xalqımızın Zəfər bayramının ilk ildönümündə cəmiyyətə bəxş edilən böyük töhfə oldu. Bu aktın qəbulu ölkə həyatında çox mühüm hadisə olmaqla, xeyli sayda insanı əhatə edir. Amnistiya aktı, eyni zamanda milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Vətən müharibəsinin ildönümü ərəfəsində belə bir layihənin hazırlanacağı onsuz da gözlənilən idi. Çünki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev əvvəlki illərdə də mütəmadi olaraq humanizm prinsiplərindən çıxış edərək əfv fərman və sərəncamları imzalamış, eləcə də amnistiya aktının qəbul edilməsinə təşəbbüs göstərmişdir.

Bu aktın bir mühüm əhəmiyyəti də ondan ibarətdir ki, törətdiyi cinayət əməlini dərk edərək səmimi peşmançılıq hisləri keçirənlər, bağışlanılır. Nəticədə, məhkum olunmuş şəxslərdə amnistiya hər zaman bir motivasiya yaradır, onları növbəti pis əməllərdən çəkindirir. Amnistiyaya düşən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər.

Amnistiya aktının başqa bir üstünlüyü də ondan ibarətdir ki, Birinci və İkinci Qarabağ müharibələrində iştirak etmiş şəxslərə, habelə bu müharibədə və döyüş əməliyyatlarında, Xocalı qətliamında həlak olmuş və itkin düşmüş şəxslərin yaxın qohumlarına da şamil edilir.

“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük bir aktdır. Bu amnistiya aktından bəzi istisnalar olmaqla hər kəsə bir pay düşür. Çünki amnistiya aktında təkcə cinayət məsuliyyətindən azad etmə yox, cəzanın azaldılması da nəzərdə tutulmuşdur. Bütün bunlar həm də cəzaçəkmə müəssisələrinin idarəedilməsi prosesini asanlaşdırır. Çünki məhkumların sayının azaldılması cəzaçəkmə müəssisələrində idarəetməyə təsir göstərir və islah meyillərini gücləndirir. Bundan başqa, əvvəlki amnistiya aktları yalnız istintaq olunan cinayət işləri üzrə cinayət törətmiş şəxslərə şamil edilirdisə, bu dəfəki amnistiya aktı isə istintaq olunan cinayət işləri ilə yanaşı, təhqiqat və istintaq orqanlarında aparılan araşdırmalar zamanı barəsində cinayət təqibi aparılan şəxslərə də şamil edilir. Yəni böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir.

Vətən müharibəsində xidmətləri olan insanlar bu gün cəmiyyətimizdə hər cür hörmətə və diqqətə layiqdirlər. Təsadüfi deyil ki, Müharibə veteranları, qazilər, şəhid ailələri ilə bağlı son dövrlər müxtəlif sosialyönümlü qərarlar və qanunlar qəbul olunmuş, fərmanlar və sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər kəsə nümunə olaraq bütün qərarlarında, o cümlədən imzaladığı Fərman və Sərəncamlarda, cəmiyyətə daima mesaj verir ki, bu Qələbəni bizə bəxş etmiş insanlara münasibətdə necə davranmaq, onlara necə diqqət yetirmək lazımdır. Hesab edirəm ki, dövlət başçısının təşəbbüsü ilə qəbul edilən və əsasən bu kateqoriyadan olan şəxsləri əhatə edən sözügedən amnistiya aktı da insanların həmrəyliyinə təsir edəcək ən böyük addımlardan biri olmaqla cəmiyyətimizə böyük töhfələr verəcəkdir.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəisi,

Ədliyyə polkovniki

Emil KƏRİMOV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR