AQTA-dan XƏBƏRDARLIQ: Hədiyyə qutuları alarkən içində məhsulların tarixi

"Uşaqlar üçün şirniyyatla dolu Yeni il hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən yığılması zamanı son dərəcə diqqətli olmaq lazımdır. İstehlakçılar ilk növbədə bilməlidir ki, Yeni il üçün hazırlanan hədiyyə qutularının üzərində içərisindəki məhsulların deyil, qutunun qablaşdırılma tarixi qeyd olunur".

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq AQTA-dan ediblər. Məlumata görə, istehlakçıların Yeni il hədiyyə qutuları alarkən qutunun içərisindəki qida məhsulunun çeşidindən asılı olaraq onun aydın və oxunaqlı şəkildə etiketləndiyinə, istehsal tarixi, adı, əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, xalis çəkisi, qida dəyərliliyi və digər məlumatlara diqqət yetirməsi tövsiyə olunur. Bununla yanaşı, şirniyyatla dolu hazır Yeni il hədiyyə qutusunu alarkən onun qablaşdırmasının deformasiya uğramadığına, əzilmədiyinə, korlanmadığına diqqət yetirilməlidir.


"Əlbəttə ki, övladlarınıza verəcəyəniz məhsulların tərkibi də diqqətinizdən yayınmamalıdır. Hədiyyə qutularının daxilinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur şəraitinə riayət edilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan kremli qənnadı məmulatları, yoqurtlar, kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir. Hər bir istehlakçı satıcıdan aldığı Yeni il hədiyyəsinin təhlükəsizliyini təsdiq edən sənədləri tələb edə bilər. Bəzi hallarda qutunun üzərində içərisində mövcud olan məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə qutunun içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etməyiniz tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda mütləq şəkildə satıcıdan kassa qəbzini tələb etməlidir. Valideynlər aldığı məhsulların keyfiyyəti ilə yanaşı, istehlak miqdarına da diqqət yetirməlidir".

Açıqlamaya əsasən, ən keyfiyyətli şokolad, konfet, marmeladların həddindən artıq istehlakı uşaqlarda diatez, kariyes və artıq çəkiyə səbəb ola bilər. AQTA-dan edilən açıqlamada o da qeyd olunur ki, vətəndaşlarda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və s. ilə bağlı şübhələr yaranarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR