Qazilər üçün 100 ədəd əlil arabası gətirildi - FOTOLAR

Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkürünü bildirən Cəlil Xəlilov qonaqları salamlayaraq, ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini bildirib.

Çıxış edən İlhan Aşkın əvvəlcə rəhbəri olduğu Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin fəaliyyəti haqqında qısa məlumat verib, adıçəkilən qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində müharibə apardığını bildirib. İlhan Aşkın bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatdırılmasını təmin edən Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevə, eləcə də bu işdə əməyi olanlara - "KROS Medical"a, “Yardım Yolumuz”a, “Qırmızı ürəklər” Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlığını bildirib.

Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında “Qürbətdən Qarabağa” şüarı altında başlanmış layihə çərçivəsində Niderlandda fəaliyyət göstərən “Azərbaycan-Türk mədəniyyət dərnəyi” və “Kros medical” tərəfindən ehtiyacı olan qazilərə və şəhid ailələrinə verilməsi üçün Milli Məclisin Gənclər və idman komitəsinin köməyi ilə ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirildiyini qeyd edib.

Qazi Akif Zeynallı çıxışında Vətən müharibəsi zamanı öz qəhrəman dostları ilə bərabər üzərilərinə qoyulmuş döyüş tapşırığının öhdəsindən layiqincə gəldiklərini, bu yolda dostları arasında şəhidlərin və qazilərin olduğunu deyib, Vətənə canlarının fəda olduğunu bildirib.

Sonra arabalar qazilərə və şəhid ailələrinin üzvlərinə paylanılıb.

Tədbirdə iştirak edən qazilər və şəhid ailələri dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını, göstərilən yüksək diqqətə görə dövlətimizin başçısına və birinci xanıma, həmçinin belə nəcib təşəbbüsə görə zəhməti keçən hər kəsə minnətdar olduqlarını qeyd ediblər.

Sonda bir sıra ictimai-siyasi fəal Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi tərəfindən təltif edilib.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR