Zakir Həsənov: "Düşmən Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdi"

Zakir Həsənov: "Düşmən Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdi"
12:17 30 May 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 12:12 ]

"Torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır"

Bakı - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov H. Aslanov adına Mərkəzi Zabitlər Evində müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qarşıda duran vəzifələrdən danışan müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.

 

Azərbaycan prezidenti İlham Əliyevin “Müharibə bitməyib, davam edir və biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik” sözlərini xatırladan nazir yaxın vaxtlarda hərbi hissələrə təyin ediləcək gənc zabitlərə tövsiyə edib ki, tabelikdəki şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün səfərbər etmək onların başlıca vəzifəsi olmalıdır.

 

“Tabeliyinizdəki şəxsi heyətə hərbi vərdişləri, vətənpərvərlik hisslərini aşılamaqla onları istənilən anda döyüşə səfərbər etməyi bacarmalısınız. Unutmayın ki, torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır. Dövlətimizin və xalqımızın dəstəyi nəticəsində Azərbaycanın hərbi qüdrəti getdikcə güclənir. Ordumuzun silahlanmasına müasir döyüş texnikaları, yeni tank və zirehli döyüş maşınları daxil edilir. Amma bu müasir silah və texnika şəxsi heyət tərəfindən bacarıqla istifadə edilməlidir”, - deyə nazir əlavə edib.

 

Keçən ilin yay aylarında və bu il ərzində cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan müdafiə naziri diqqətə çatdırıb ki, həmin dövrdə növbəti dəfə ordumuzun lazımi qədər hərbi gücə malik olduğu sübuta yetirilib.

 

Azərbaycan prezidentinin Respublika Günü münasibətilə rəsmi qəbul zamanı çıxışında səsləndirdiyi “Keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə, Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaqdır” kimi fikirləri xatırladan nazir itkilərlə üzləşən düşmənin Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdiyini bildirib.

 

Dövlət tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayan müdafiə naziri qeyd edib ki, müasir dövrdə Azərbaycanın hərbi büdcəsindən sosial sahəyə xeyli miqdarda maliyyə vəsaiti ayrılır.

 

Z. Həsənov naziri çıxışının sonunda gənc zabitlərə üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək hərbi xidmətdə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar hərbi təhsil dövründə qazandıqları bilik və vərdişlərlə Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə öz töhfələrini verəcəklər.

 

Görüşün sonunda Müdafiə naziri gənc zabitlərin suallarını cavablandıraraq bir sıra məsələlərə aydınlıq gətirib, xidmətlə bağlı tövsiyə və tapşırıqlarını verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR