AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlər

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Metbuat.az-a verilən məlumata görə, 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər AÇG yatağından 5 milyard 968,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 155 milyard 373 milyon ABŞ dolları təşkil edib.

"Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından 2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər əldə olunan gəlir 884 milyard 793 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 551 milyon ABŞ dolları təşkil edib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər ötən ilin yanvar və cari ilin yanvar aylarında 302 milyard 817 mln. ABŞ dolları olub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR