“Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı şəhər tapmaq olmazdı” - MÜSAHİBƏ

“Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı şəhər tapmaq olmazdı” - MÜSAHİBƏ
11:22 30 May 2015
24 İdman
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 12:14 ]


"Azərbaycan idman tarixinin yeni səhifəsini açır"

Bakı-APA. Rusiya Olimpiya Komitəsinin baş katibi, sinxron üzgüçülük üzrə 5 qat Olimpiya, 13 qat dünya və 7 qat Avropa çempionu Anastasiya Davıdovanın apasport.az saytına müsahibəsi

 

- Asiya, Amerika və Afrika Oyunları uzun müddətdir keçirilir. Avropa Oyunlarının əsasının qoyulmasına necə yanaşırsız?

 

- Avropa Oyunlarının keçirilməsi ideyasına çox müsbət və maraqla yanaşıram. Çünki bu yarış bir çox idmançılara dəyəri həddən artıq yüksək olan təcrübə qazandıracaq. Həmçinin, onların özləri üzərində daha ciddi çalışmaq və Olimpiya Oyunlarına düşməsi üçün böyük stimuldur. Hesab edirəm ki, böyük sayda idmançılar Olimpiya ab-havasını hiss etmək imkanı qazanacaq. Çünki Avropa Oyunlarında Olimpiadada olduğu kimi təntənəli açılış-bağlanış mərasimləri keçiriləcək, yüksək səviyyəli idman obyektləri çox sayda idman növünü qəbul edəcək. Belə yarışların keçirilməsi Olimpiya dəyərləri üçün vacibdir.

 

- Bunun bir qədər gecikmiş addım olduğunu düşünmürsuzmü?

 

- Hər şeyin öz vaxtında olduğunu düşünürəm. Əgər Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki bu Oyunların 2015-ci ildə keçirilməsi ilə bağlı qərar qəbul edibsə, deməli, indi əsl vaxtıdır. Yəni, Avropa bu səviyyədə tədbirin start götürməsinə hazırdır.

 

- Sizin medal kolleksiyanızda çoxsaylı mükafatlar var. Düşünmürsüz ki, Avropa Oyunları tez keçirilsəydi, kolleksiyanız daha zəngin olardı?

 

- Şübhəsiz ki, hər bir idmançı kolleksiyasında müxtəlif yarışlarının, çempionatların və birinciliklərinin medallarının olmasını istəyir. İndi mənim üçün vacib olan odur ki, yetirmələrim bu tip əhəmiyyətli yarışlarda iştirak edə bilsin. Bu səbəbdən mən onların Avropa Oyunlarında medal qazanması üçün hər şey etməliyəm. Eyni zamanda, komanda ilə çalışdığımdan da məşqçi kimi onlarla birgə bu mükafatları qazanacam.

 

- Yarışların Bakıda keçiriləcəyini biləndə ilk reaksiyanız necə oldu?

 

- Düzün etiraf edim ki, əvvəl Bakının bu işin öhdəsindən gəlməyəcəyini düşündüm. Çünki böyük yarışların keçirilməsi təcrübəsi olan Avropa ölkələri də vaxt azlığı səbəbindən I Oyunları təşkil etməkdən imtina edirdi. Həqiqətən də belə turnir keçirmək, ənənənin təməlini qoymaq və buna qısa müddətdə hazır olmaq asan məsələ deyil. Amma 2014-cü ilin payızında AOK-un Bakıdakı Baş Assambleyasında olanda fikrimi 180 dərəcə dəyişdim. Biz hamımız əmin olduq ki, şəhər Oyunları təşkil etməyə 100 faiz hazırdır. Mən də Bakıdakı yarışın ən yaddaqalanlarından olacağına, paytaxtınızdan sonra bu Oyunları keçirəcək şəhərin təşkilatçılıqda sizi üstələməkdə çətinlik çəkəcəyinə əminəm. 

 

İstənilən Olimpiya Oyunları xalqlar arasında dostluq münasibətlərini yaradıb, möhkəmlətməli, müxtəlif ölkələrin mədəniyyətinə malik idmançı və azarkeşləri bir-biri ilə tanış etməlidir. Azərbaycan şübhəsiz ki, nəhəng milli, mədəni çalarlara malikdir. Bakının seçilməsi bütün dünyaya göstərir ki, Avropa müxtəliftipli, fərqli mədəniyyət və tarixə malik ölkələrdən ibarətdir. Bu üzdən də hesab edirəm ki, Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı şəhər tapmaq olmazdı.

 

- Ötən ilin payızına qədər Bakıda olmuşduzmu?

 

- Bu paytaxtınıza ilk səfərim idi və məndə unudulmaz təəssüratlar yaratdı. Əlbəttə, şəhərin bütün görməli yerləri ilə tanış olmağa vaxtımız az idi. Amma Bakını, Dənizkənarı Milli Parkı gəzmək, İçərişəhərdə kiçik restorana baş çəkmək imkanımız oldu. Şəhərinizin arxitekturası çox xoşuma gəldi. Demək olar ki, bütün binaların ağ daşdan tikilməsi məni heyran etdi. İnanılmaz ölçüləri olan bayrağınız məndə parlaq təəssüratlar yaratdı. Əlbəttə ki, çox-çox dadlı olan nar şirəniz də diqqətimi çəkdi.

 

- Azərbaycan haqda hansı bilgilərə maliksiz?

 

- Pravoslav insan kimi Bakı məndə ilk növbədə Apostol Varfolomeyin fəaliyyət yerini xatırlatdı. Bildiyimə görə, Azərbaycan hökuməti tarixi abidələrə çox həssas yanaşır və Bakıda UNESCO-nun siyahısına daxil olan bir çox obyektlər var. Bundan başqa, paytaxtınızda pravoslav qadınlar üçün müqəddəs olan dini yerlər də mövcuddur. Sevindiricidir ki, ora 2004-cü ildə bərpa olunub. Həmçinin, Sovet klassik kinosunu sevən bir insan kimi hamımızın çox sevdiyi “Brilliantovaya ruka”nın çəkildiyi köhnə məhəlləni xatırlamaya bilmərəm.


- Ölkəmizə səfəriniz vaxtı kimi, yaxud haranı görmək istəyərdiz?

 

- Paytaxtınızda tanışlarım və qohumlarım yoxdur. Amma Bakı-2015-in Təşkilat Komitəsinin prezidenti Mehriban xanım Əliyeva ilə şəxsən tanış olmağımı çox istəyərdim. O çox savadlı, layiqli qadındır və bununla yanaşı, sadəcə gözəldir. Mən təkcə nümunəvi qadın və ana olmaqla kifayətlənməyən, həm də sosial sferada fəaliyyət göstərən xanımlara böyük hörmətlə yanaşıram. Əminəm ki, o müasir dünyada çoxları üçün nümunə ola bilər.


- Artıq bu Oyunlara ev sahibliyi etməyə namizəd şəhərlərin siyahısı genişlənməkdədir. Gələcəkdə Rusiyada da bu istəyin olması mümkündürmü?

 

- Yaxın vaxtlarda Avropa Oyunlarının Rusiyaya da gəlməsini istərdim. Məsələn, Kazanda çox sayda layiqli infrastruktur var ki, bu da belə yarışları qəbul etmək iqtidarındadır.


- Avropa Oyunlarına Rusiya böyük heyətlə gələcək. Komandanızın əsas hədəfləri nə olacaq?

 

- Rusiya kimi ölkə üçün bütün yarışlarda vəzifə eynidir – qalib gəlmək və qələbə qazanmaq! Çünki ölkəmizdə idmana böyük diqqət ayrılıb, həmçinin ölkəmizin rəhbərliyinin böyük dəstəyini hiss edirik. Bu səbəbdən də etimadı doğrultmaq üçün mümkün olan hər şeyi ortaya qoyuruq.

 

- Rusiya Avropa Oyunlarında bəzi növlərdə ehtiyat qüvvəsinə güvənəcək. Bu, Olimpiya Oyunlarında medal sıralamasında daima birinci yer uğrunda mübarizə aparan Rusiya üçün yenə liderlik iddiasında olmağa maneçilik törətməyəcəkmi?

 

- Əlbəttə ki, biz ümumi komanda hesabında birinci olmaq uğrunda yarışacağıq. Düzdür, bəzi idman növlərində, məsələn elə sinxron üzgüçülükdə yeniyetmələr mübarizə aparacaq. Bu qərar çox məqsədyönlü şəkildə qəbul olunub və gənc idmançı nəslinin inkişafı üçün stimuldur. Bu heyət də bizim gələcəyimizdir. Artıq indidən başa düşməlidir ki, onları necə ciddi rəqiblər gözləyir. Axı, yeniyetmələr yuxarı yaş qrupuna keçəndə oradakı idmançılar böyüklərlə yarış təcrübəsinə malik olur. Bu üzdən çox şadıq ki, Avropa Oyunlarının keçirilmə qaydaları perspektivli yeniyetmələrimizə şans verməyə imkan yaradıb.

 

- Olimpiya Oyunları zamanı medal sıralamasında Rusiyanın əsas rəqibi həmişə ABŞ olur. Avropa Oyunlarında kimi rəqib görürsüz?

 

- Fikrimcə, əsas rəqiblərimiz Böyük Britaniya, Almaniya, Azərbaycan və Fransa olacaq.

 

- Bəs hansı idman növlərində daha çox medala ümid bəsləyirsiz?

 

- Uğurlu çıxışla bağlı gimnastikanın bütün növlərinə, güləş, boks, üzgüçülük, sinxron üzgüçülük, sambo, çimərlik futbolu və başqalarına böyük ümidlərimiz var.

 

- Siz sinxron üzgüçülükdə əfsanə hesab edilirsiz. Bakıda bu idman növündən hansı nəticələri gözləyirsiz?

 

- Bu növdə nə az, nə çox – 4 qızıl medal gözləyirəm. Solo, duet, qrup və kombinə olunmuş hərəkətlərdə çempionluq hədəfləmişik. Ən azı isə bunun üçün mübarizə aparacağıq. Çox güclü komandamız formalaşıb və hazırda məşqlərin son mərhələsini keçirik.

 

- Startı Bakıdan veriləcək Avropa Oyunlarının gələcəyinə necə baxırsız?

 

- Bakı-2015-dən sonra bu yarışın inkişafının yüksəlişə doğru gedəcəyinə əminəm. Avropa Oyunları Olimpiadaya seçmənin bir hissəsi olacaq. İdman növlərinin sayı artacaq. Bununla da idman yarışlarının reytinqində yüksək yerlərdən birini tutacaq. Bunda da bütün ölkələr üçün idman tarixinin yeni səhifəsini açan Azərbaycanın az əməyi olmayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR