Türkiyə Qazaxıstana istədiyi hər yöndə dəstək verməyə

“Qazaxıstanda baş verən hadisələr ilə bağlı dəqiq informasiyaya malik deyilik. Belə vəziyyətdə rəsmi informasiyalara etibar etməli, kənar sosial şəbəkədə yayılan məlumatlara güvənməmliyik. Unutmamamlıyıq ki, ölkələr arasında olan münasibətləri öz şəxsi mənafeyi üçün ləkələməyə çalışan insanlar xüsusilə də sosial şəbəkələrdə aktiv olaraq qaralama kanpaniyaları keçirirlər”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. Müsahibimiz bildirdi ki, Türkiyə üçün Qazaxıstan ən önəmli müttəfiqlərdən biridir.


“Qazaxıstan müstəqillik illərində yürütmüş olduğu uğurlu siyasət nəticəsində xalqın və dövlətin gücünü artıraraq öz sözünü bir çox beynəlxalq arenalarda demiş bir dövlətə çevrilmişdir. Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatı (ilk adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub-red) 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə yaradılıb. Bu təşkilatın tərkibində olan Qazaxıstan müşahidəçi dövlət olaraq əlindən gələni əsirgəməyib, bir neçə yeni təkliflərlə çıxış edərək, təşkilatın adını Türk Dövlətləri Təşkilatı kimi adlandırılması ilə bağlı mühüm addımlara imza atmışdır. Bu xidmətlərinə görə, Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin fəaliyyətlərini xüsusilə vurğulamaq lazımdır. Türk dünyası üçün Qazaxıstan çox vacib bir ölkədir. Əgər gəmidə bir dəlik açılarsa bu bütün heyətin batmasına səbəb ola bilər. Yəni Qazaxıstanda baş verən ciddi proseslər bütün Türk dünyasına ciddi təhdid sayılır”.

General xüsusilə qeyd etdi ki,regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyinin vacibliyi önəmlidir. Baş verən toqquşmaların sakitləşdirilməsində Qazaxıstana gələn KTMT tərkibində olan dövlətlərin göndərdiyi sülhməramlıların fəaliyyətinə toxunan Yücel Karauz onu da ifadə etdi ki, hərbçilər yalnız baş verən ixtişaşların yatırılmasında, sabitliyin qorunmasında xidmət göstərirlər. İşləri bitdikdən sonra öz ölkələrinə geri qayıtmalıdırlar.


“Çalışmaq lazımdır ki, baş verən hadisələr miqyasında Qazaxıstana gələn terror qruplaşmalarının yaratmış olduğu xaos səbəbindən Türk Dövlətləri Təşkilatı arasında olan birlik və bərabərliyə xələl gətirəcək addımlar atılmasın. Təşkilata daxil olan dövlətlər Qazaxıstanın ərazi bütövlüyü çərçivəsində insan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pisləyirlər. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanları var. Çünki heç bir dövlət fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa bəraət qazandıra bilməz”.

Müsahibimiz əminliklə qeyd etdi ki, Türkiyə o Qazaxıstana istədiyi hər yöndə dəstək verməyə hazırdır.

“Bilirik ki, Qazaxıstana qarşı oynanılan çirkin oyuna qarşı qazax xalqı mübarizə aparmaq əzmindədir. Baş verən toqquşmalarda həyatını itirənlərə Allahdan rəhmət diləyir, inanırıq ki, bu hadisələrdən qazax xalqı da dərs çıxarıb hadisələrin gedişini müsbət yöndə dəyişdirə biləcəkdir”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR