Siyavuş Novruzov: Hamı Avropa Oyunlarına dəstək verdi, təkcə iki partiyadan başqa" - MÜSAHİBƏ

Siyavuş Novruzov: Hamı Avropa Oyunlarına dəstək verdi, təkcə iki partiyadan başqa" - MÜSAHİBƏ
13:09 30 May 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

"Nə məsələdir, bunlar niyə narahatdır?"

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş NovruzovunAPA-ya müsahibəsi.

 

- Parlament seçkiləri qabağı ölkədəki ictimai siyasi durumu necə qiymətləndirərdiniz? YAP seçkilərə necə hazırlaşır ?

 

- Azərbaycanda hazırkı ictimai – siyasi durum çox normaldır. Avropa Oyunlarına hazırlığı başa çatdırıb, oyunların başlanmasını gözləyirik. İnsanlarda bununla bağlı coşqu, ruh yüksəkliyi var. Bu tədbirin də mahiyyətini dərk edən hər bir azərbaycanlı bilir ki, xalqımızın, adət - ənənələrimizin, mədəniyyətimizin, musiqimizin, bir sözlə, təbliğat üçün çox vacib olan tədbirdir. Dünyanın bir çox ölkələri bu tədbiri işıqlandıracaq, gələn çoxlu qonaqlar, idmançılar Azərbaycanla yaxından tanış olacaq. Onlarda bu tanışlıqlarını öz dostları ilə paylaşdıqda erməni lobbisi tərəfindən haqqımızda yaradılan mənfi fikirlər də aradan qalxacaq. Onlar hər şeyi burada öz gözləri ilə görəcəklər.

 

Oyunlardan sonra yaxınlaşacaq parlament seçkilərinə gəldikdə isə, Konstitusiyamıza uyğun olaraq noyabr ayının birinci həftəsinin bazar günü seçkilər keçiriləcək. Yəni noyabrın 1-i Azərbaycanda parlament seçkiləri günü olacaq. Təbii ki, parlament seçkiləri də insanların fəallaşmasına, siyasi ab -havanın kəskinləşməsinə gətirib çıxaracaq. Ona görə də dünyanın hər yerində olduğu kimi seçki ili fəal il kimi hesab olunacaq. Seçkilərin keçirilməsi ilə bağlı kifayət qədər qanunvericilik bazası, təcrübə, texnologiya var və görünən odur ki, çoxlu sayda siyasi partiya, ayrı – ayrı fərdlər öz namizədlərini irəli sürəcəklər. Çox yüksək rəqabətli seçkilər keçiriləcək. Azərbaycanda da namizədin qeydə alınması üçün qanunvericilik sadədir. Bir vətəndaş müraciət edərək 450 imza toplamaqla artıq namizədliyini qeydiyyata aldıra bilər.

 

YAP da öz seçki planına uyğun olaraq fəaliyyətini həyata keçirir. Artıq bir sıra işləri yekunlaşdırmışıq. Bir neçə məsələlər qalır ki, bununla bağlı da işlər gedir. Bizim rayon-şəhər təşkilatlarının toplantısı olacaq. Bu toplantıda seçki ilə bağlı konkret məsələlər onların qarşısında qoyulacaq. Bunlar seçki qərargahlarının yaradılması, imza toplayacaq şəxslərin müəyyən olunması, onların treninq və sairdir. Növbəti iki ay ərzində, avqustun 1-ə qədər bu texniki məsələləri həll edib artıq hansı dairədən kimlərin namizədliyi irəli sürülməli olması məsələsinə baxılacaq. Burda bir məsələ də var. YAP ilə digər partiyalar namizədlər irəli sürürlər. Biz indi onları da təqib etməliyik ki, ola bilsin ki, operativ dəyişikliklər edək, o dairələrdə onlardan irəli sürüləcək namizədlərə alternativ kimləri irəli sürəcəyimizi bilək. Yəni ola bilsin ki həmən dairələrdə son anda bəzi yerdəyişmələr olsun.

 

- YAP namizədlər siyahısında hazırkı deputat siyahısından fərqli şəxslərin olması gözlənilir ?

 

- Bizim son parlament seçkilərində namizədlərimizdən 71 nəfər seçilmişdi. Onlardan bir neçəsi dövlət vəzifəsinə təyinat aldığı üçün mandatını təhvil verdi, biri dünyasını dəyişdi, digəri isə mandatdan məhrum edildi. İndi biz də bunu nəzərə alaraq,  ümumiyyətlə, növbəti parlament seçkiləri ilə əlaqədar partiyada araşdırmalara başlamışıq. Araşdırmaları apardıqca orada bir neçə istiqamətdə bəzi məsələləri həll edirik. Bunlar partiyanın yerli təşkilatlarının bizi parlamentdə təmsil edən şəxs barədə rəyi, ona seçicilərin münasibəti, xarici beynəlxalq təşkilatlarda təmsilçiliyi, ictimaiyyət tərəfindən qəbul olunması, partiya fəallığı, dövlətçiliyə sədaqət məsələsi kimi bütün məqamlardır. Bunlar tərəfimizdən araşdırılır və tam araşdırma başa çatdıqdan sonra YAP-ın rəhbər orqanında müzakirə olunub qərar veriləcək.

 

YAP sıralarında kifayət qədər fəal, intellektual gənclər var. Biz növbəti parlament seçkilərində onların da namizədliyi ilə bağlı düşünürük.

 

- Apardığınız araşdırmaların indiki mərhələsində etimadı doğrultmayan parlament təmsilçinizin olması qənaətiniz varmı?

 

- Bəli, var. Apardığımız araşdırmanın artıq bəlli olan müəyyən nəticələri var və aşkar olunub ki həmən şəxsin yerlərdə də növbəti dəfə namizəd olmasını seçicilər də istəmir. Belə şəxslər var və bunlar çox deyil, konkret müəyyən fərdlərdir. Hələ ki adlarını açıqlamasam da, bu məsələ sonda dediyim kimi partiya rəhbərliyi tərəfindən müzakirə olunacaq. Hətta elə insanlar da var ki, bu müddət ərzində deputat kimi beynəlxalq təmsilçilikləri yaxşı olub, amma yerlərdə müəyyən dərəcədə problemləri var. Biz bunları da nəzərə alacağıq ki, beynəlxalq aləmdə Azərbaycanın təmsilçiliyi vacib şərtlərdən biridir.

 

- Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı beynəlxalq aləmin mövqeyi birmənalı deyil. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycana qarşı antipiar kampaniyası aparır. Bu barədə nə deyə bilərsiniz?

 

- Bu, Azərbaycanın nüfuzunun artmasından, ictimai-siyasi sabitliyin yüksək səviyyədə olmasından, xalq ilə iqtidarın bir yerdə olmasından və sair irəli gəlir. Bütün bunlar təbii ki onları narahat edir. Təsəvvür edin, qısa müddət ərzində Azərbaycan Avropa Oyunlarının keçirilməsi üçün çox böyük işlər gördü və hər bir sahə üçün yeni idman qurğuları tikildi. Bundan qabaq da çoxlu sayda idman qurğularımız vardı. Azərbaycanda kifayət qədər dünya çempionatı, Avropa çempionatları və digər beynəlxalq yarışlar keçirilib. Yəni Azərbaycanın kifayət qədər potensialı var və bu imkan verdi ki qısa müddət ərzində Avropa Oyunları ilə bağlı bu qədər iş görülsün. Eyni zamanda Azərbaycanda digər xarakterli məşhur forumlar, beynəlxalq konfranslar da keçirilir. Burada tanınmış siyasətçilər, məşhur insanlar iştirak edir və onlar Azərbaycanın nəinki regionun, artıq Avropanın aparıcı ölkələrindən birinə çevrildiyini etiraf edirlər.

 

Burda ən əsas şərtlərdən biri Azərbaycanın müstəqil siyasət yeritməsidir. Azərbaycan heç bir bloklara qoşulmur, hər bir beynəlxalq təşkilat və ya dövlət ilə bərabərhüquqlu əməkdaşlıq edir. Bu da təbii ki bəzi qüvvələri çox narahat edir. İlk növbədə erməni lobbisini narahat edir, eyni zamanda onların himayədarlarını,havadarlarını çox narahat edir. Azərbaycan haqqında real olmayan müxtəlif qara yaxma kampaniyaları aparırlar. Avropa Parlamentinin sədri Martin Şultz iyunun 10-da dinləmələrin keçiriləcəyini və mövzunun da “İdman və insan hüquqları” olacağını elan edib. Mövzunun obyekti də Azərbaycandır. İyunun 12-də də Azərbaycanda Avropa Oyunlarının açılışıdır. Deməli, burada artıq “xoruzun quyruğu” görünür. Nə məsələdir? Bunlar niyə narahatdır? Çünki artıq bəyanatlar gəlib ki, 20-dən artıq ölkənin başçısı, o cümlədən tanınmış parlamentarilər, dövlət nümayəndələri, tanınmış şəxslər Azərbaycanda keçiriləcək bu oyunların açılışında iştirak edəcək. Bu da bunları təbii ki ciddi narahat edir. Erməni lobbisi istəmir ki, Azərbaycanın belə mötəbər təbirə ev sahibliyi alınsın. Ona görə də bunlar kimi qüvvələri ortaya salır və insan hüquqlarını, demokratiyanı da bəhanə edirlər. Fikir verin, bu günlərdə keçirilən Riqa sammitində əsas istiqamət ərazi bütövlüyü, suverenliyin tanınması və sair idi. Amma burda başladılar Azərbaycanın əleyhinə çıxışlar etməyə, Azərbaycanın ərazisini işğal edən, terror hadisələri törədən, Xocalı soyqırımı kimi hadisəni törədən Ermənistan isə tərifləndi. Yaxud da bunların əsas hədəf nöqtəsi Ukrayna idi isə, fikir vermədilər ki, bu gün Ermənistan, Şimali Koreya Krımı Ukraynanın ərazisi kimi tanımır, Amma Azərbaycan tanıyır və BMT-də Ukraynanın ərazi bütövlüyünə açıq şəkildə dəstək oldu. Bütün bunlara baxmayaraq bu sammitdə həmən Şultz Ermənistanda demokratiyanın inkişafından danışdı. Hansı ki Ermənistanda parlamenti iclası zamanı girib neçə deputatı güllələyiblər, prezidentliyə namizədi güllələdilər, iki pasportu olanı prezident seçdilər, bu ölkədə insan hüquqları hər addımbaşı pozulur, bura sözün əsl mənasında bir hərbi xuntadır. Beləliklə, bu təşkilatları Ermənistana bütün bunlardan sonra belə münasibətdə yanaşması artıq Avropanın fundamental dəyərlərindən kənara çıxır və irqi, milli, dini ayrı seçkiliyə yol verirlər. Ona görə də onların nə məsələ qaldırmasına fikir vermək lazım deyil.

 

Bundan başqa, bəziləri də Azərbaycana təbii resursları ilə bağlı diktə etmək istəyirlər. Amma Azərbaycan özü xalqın iradəsinə əsasən qərar verir və verəcək ki, məsələn TANAP haradan keçməlidir, digər layihələr haradan keçməlidir. Çünki Azərbaycan dövləti öz xalqının rifahı üçün bu layihələri həyata keçirir. Bəziləri isə bu təbii sərvətlərdən güzəştli şəkildə istifadə etmək istəyir. Biri boru vasitəsi ilə istifadə edib oradan pul götürmək istəyir, digəri ucuz almaq istəyir, digərlərinin şirkətləri istəyir gəlsin burda məşğul olsun və sair. Bu kimi dövlətlərdən maliyyələşənlər də onların istəklərinə çatması üçün Avropa Oyunları kimi tədbirlərdə aktiv olaraq buna kölgə salmağa çalışırlar. Amma Azərbaycan iqtidarı xalqı ilə birdir və bunlar bizə qarşı heç nə edə bilməzlər. Xalq öz prezidentini dəstəkləyir.

 

- Azərbaycanda müxalif düşərgədən oyunlarla bağlı antipiar aparanlar var.

 

- Bu yaxınlarda start götürən və mütəmadi keçirilən iqtidar - müxalifət görüşündə Azərbaycanda qeydiyyatdan keçmiş, cəmiyyət arasında kifayət qədər çəkisi olan, parlamentdə təmsil olunan və ya olunmayan siyasi partiyalar aktiv iştirak edirlər. Bir çox məsələlər müzakirə edirlər və son müzakirə də Avropa Oyunları ilə bağlı oldu. Onların hamısı Avropa Oyunlarına dəstək verdilər. Amma təkcə iki partiyadan başqa – AXCP və Müsavat. Bunların da burada iştirak etməyərək belə etmələrinin səbəbləri var. Birincisi, AXCP artıq Azərbaycan xalqının və cəmiyyətinin maraqlarını təmsil etmir. Heç öz partiya üzvlərinin də maraqlarına xidmət etmir. Bu partiyanın rəhbəri Əli Kərimli və ətrafı artıq erməni lobbisinin, erməni lobbisi təsiri altında xaricdəki qeyri-hökumət təşkilatlarının, o cümlədən ayrı-ayrı ölkələrin kəşfiyyat idarələrinin buradakı təmsilçisinə çevriliblər. Onlar nə deyirlərsə, bunlar da burda onu təkrar edirlər və onlar tərəfindən də maliyyələşirlər. Müxtəlif QHT yaratmaqla o maliyyəni alırlar və bunun da əsas hissəsi iğtişaşların törədilməsinə, kütləvi aksiyaların keçirilməsinə yönəldirlər. Yəni, AXCP tapşırıqla fəaliyyət göstərən partiyadır.

 

Onlar bütün bunları ayrı-ayrı ölkələrin kəşfiyyat xidmətləri ilə birgə edirlər. Azərbaycanda keçirilən bütün mötəbər tədbirlərdə bunlar bu rolu oynayıblar. Bir sözlə, AXCP-dən indi bir alət kimi istifadə edirlər.

 

Müsavat Partiyasına gəldikdə isə, bu partiya artıq dağılıb. Əslində buna partiya demək olmaz. Legitimliyi artıq yoxdur. Qeyri-qanuni bir qurultay keçirməyin nəticəsində partiya dağıldı. Parçalanan iki hissədən ən böyüyü tamamilə partiyadan uzaqlaşıb getdilər. Hansı ki, onların tam əksəriyyəti partiyanı quranlar idi. İndi isə orda qalanlar ordan-burdan yığışanlardır ki, onların da heç bir legitimliyi yoxdur. Xalq arasında, ictimaiyyətdə nüfuzları sıfıra bərabərdir. Bu partiya qısa müddətdə tarixin arxivinə gedəcək.

 

- Amma Müsavatda baş verən parçalanmaları bir çoxları iqtidarın ssenarisi kimi təqdim edir. Buna nə deyərdiniz?

 

- O partiyada əsas etibarı ilə söz azadlığı, fikir azadlığı pis formada pozuldu. Elə vəziyyət yarandı ki, kim obyektiv fikir söyləyirdisə ona iqtidarın adamı damğasını vuraraq dərhal partiyadan uzaqlaşdırıldı. Hətta Müsavatın yaradıcıları artıq o damğa ilə partiyadan uzaqlaşdırılıb. O partiya məhz belə dağılıb yox oldu. Əvvəla, iqtidarın adamı olmaq xalqın, dövlətin adamı olmaq deməkdir. Əsas odur erməninin adamı olmayasan, xaricdə “şirnikləndirinb ötürənlərin” adamı olmayasan. Amma bunlar onların adamı olmağı özlərinə şərəf bilirlər, iqtidarın adamı olmağı isə hansısa bir qəbahət hesab edirlər. Əslində, bu tərsinə olmalıdır. İqtidarla kimsə əməkdaşlıq yolu tutursa bu çox normal haldır. Bütün dünyada belədir ki, ayrı-ayrı partiyalar dövlətin idarə olunmasında dolayı formada iştirak edirlər. Amma bunlar əksinə: iqtidarla kimsə ünsiyyətə girirsə, dərhal ona xain gözü ilə baxırlar. Çünki dediyim kimi, bunların ixtiyarı özlərində deyil. Əgər onlara sahibləri "get iqtidar ilə dialoqa gir" desələr, onlar hamıdan birinci gəlib o masanın ətrafında oturacaqlar. Görünür, bu komanda hələ bunlara verilməyib.

 

- Son günlər banklara kredit borcu olan iş adamları həbs edildi. Siz bu prosesi izləyirsinizmi və nə deyə bilərsiniz?

 

- Bu məsələ bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Kimsə kredit götürüb qaytarmayıbsa, xalqın, dövlətin vəsaitini mənimsəyibsə, cavab verməlidir. Mənimsədiyini geri qaytarmalıdır. Cənab prezident bütün çıxışlarında istər məmurlara, istər digər şəxslərə bildirir ki, hər şey xalq üçün, cəmiyyət üçün olmalıdır. Tikilən, qurulan hər şey xalqın olmalıdır. Axı həmin şəxs vəzifəyə təyin olunmur ki, xalqı qapı arxasında saxlasın. Əksinə, vəzifəyə təyin olunur ki, xalqın problemlərini həll etsin. Xalqı dövlətdən narazı salmasın, əksinə, razı salsın. İnsanlar bizdən razı qalmalıdır. Həmin şəxslərdən də kimsə bu prinsipə əməl etməyəcəksə, o həm tutduğu vəzifədən azad olunacaq, həm də cəzalanacaq. O ki qaldı hansısa iş adamının vəsaitləri mənimsəməsi ilə bağlı bu hadisələrə, birmənalı olaraq o dövlətdən götürdüyü vəsaiti qaytarmalıdır. Çünki o həmin vəsaiti götürəndə bunu dərk etməliydi. İndi də hüquq-mühafizə orqanları bunu araşdırır, hər şeyi həll edəcəklər.

 

Onların arasında elələri var ki, bir vaxtlar hakimiyyətə yaxın olan adamlar kimi adları çəkilir. Amma yenə deyirəm, kimliyindən asılı olmayaraq hamı qanun qarşısında cavab verir.  Əgər o bunu pozaraq bu əməli edibsə, deməli, mənsub olduğu xəttə xəyanət edib.

 

 - Parlamentin üzvləri arasında da bu işdə adları çəkilən oldu...

 

- Deputatlar qanunun tələbinə uyğun olaraq toxunulmazdırlar. Onlardan kimsə istintaqa çağırılması üçün Milli Məclisin razılığı əsasında baş prokurorun sanksiyası olmalıdır. Bu işdə isə bununla bağlı bizdə Milli Məclisdə kimləsə bağlı heç bir məsələ olmadı. Eyni zamanda qanuna görə deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olması da qadağandır.

 

Amma ola bilər ki, deputatlardan kiminsə övladı, yaxud yaxın qohumu məşğul olur. Ola bilər ki, onlara görə hansısa deputatın bu məsələ ilə bağlı nəsə problemi olsun. Amma mən bu barədə heç nə eşitməmişəm. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204285

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR