"Nurəddindən sonra o rolu heç kim yaxşı oynaya bilmir" - FOTO

"Nurəddindən sonra o rolu heç kim yaxşı oynaya bilmir" - FOTO
12:12 30 May 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Modern.az saytının "Məşhur tələbə yoldaşım" rubrikasının bugünkü buraxılışı xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı haqqındadır. Aktyor barədə tələbə yoldaşı, xalq artisti Ramiz Novruz danışır:

"Çoxumuz onun səsinə həsəd aparırdıq"

"Biz 1974-cü ildə Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuş, Adil İsgəndərovun kursunda oxumuşuq. Əslində mən orada imtahan vermişdim, amma yazıdan kəsilmişdim. Getdim Pedaqoji Universitetə (ADPU) daxil oldum. Ancaq bir il azad dinləyici kimi İncəsənət Universitetinə gəlib-getdim. Bir ildən sonra isə ADPU-dan oraya köçürüldüm və sonra qalan 3 ili artıq İncəsənət Universitetində oxudum. Amma kurs əvvəldən məni elə öz yaxını kimi qəbul etmişdi. Hətta Adil İsgəndərov məni imtahana da buraxdı. Bir yerdə çıxış etdik. Aktyor sənətindən müəllimiz Adil İsgəndərov, səhnə danışığından  professor Əzizağa Quliyev idi (indi də İncəsənət Universitetində çalışır).

Nurəddinlə bir yerdə imtahan vermişdik. Dediyim kimi, mən yazıdan kəsildim, getdim. Amma o qəbul olundu. Nurəddin kursun ən lazımlı tələbələrindən biri idi. Bütün parçalarda yaxşı iştirak edirdi. Gur səsi var idi. Ona görə çoxumuz onun səsinə həsəd aparırdıq. Yaxşı şeir deyirdi. Bizim içimizdə yeganə adam idi ki, artıq televiziyada şeir deməyə başlamışdı. Sarayda tədbirlər aparırdı. Hətta bir dəfə  Emel Sayın Bakıya gəlmişdi və Nurəddin də orada aparıcı idi. Biz ona həmişə bir az irəli getmiş kimi baxırdıq. İndi də Akademik Milli Dram Teatrında ən bacarıqlı aktyorlardandır. İstənilən tamaşada oynayırsa, həmişə tamaşanı xilas edir və onun tamaşada olması səhnə əsərinin uzunömürlü olmasına bir sığortadır. Ciddidir, tamaşanın dağılmasına imkan vermir. Yəni aktyor xarakteri olaraq belə bir insandır". 

"Nurəddin çılğın insandır"

"O vaxtı tələbə bicliklərimiz olub. Çoxumuz elə şeylər edirdik. Məsələn, imtahana gəlmişik, hazır deyilik, nə bilim, biri eynək vurub gəlib, guya oxuya bilmir, gözləri pis görür. Belə xırda əhvalatlarımız olub. Ancaq ümumiyyətlə, Nurəddin kursda ciddi qəbul olunmuş adamlardan idi və inanılırdı ki, o, gələcəkdə tanınmış aktyor olacaq. Ona inam var idi. Tələbəlikdə ən çox sevilən uşaqlardan biri idi. Tələbə görüşlərinə gedirdik, oradakı çıxışları həmişə maraqlı olurdu.
Tələbəlikdə Nurəddinlə münasibətimiz çox yaxşı idi. Tələbəlik dövrü çətin olur. Deməli, mən bir az tez evlənmişdim, ev də var idi, bir də görürdün, tez-tez bizə gəlirdilər. Deyirdilər, "hə, uşağa dəyməyə gəlmişik"  (gülür). Bilirdin ki, dərsdən çıxıblar, gözləri də gülürdü.

İndi də Nurəddinlə normal münasibətimiz var. Onun övladlarını tanıyıram. Allah saxlasın, tərbiyəli uşaqlardır, həyatda artıq yerlərini tutmuş insanlardır. Yəni o, ailəsində də kifayət qədər ciddidir.

Nurəddinlə bir teatrda çalışırıq, bir tamaşalarda oynayırıq. Həmişə bir şey edəndə zarafatca ona deyirəm ki, "çox atlanıb-düşmə, yolunuz bizdən keçir. Buraxmaram gedəsiniz Bakıya". O, Cəlilabaddan gəlib, Biləsuvardan keçib Bakıya gedir (gülür).

Tutaq ki, Telman Adıgözəlovla mən dost idik, hər gün zəngləşirdik, o bizə gəlirdi, biz onlara gedirdik. Evdə, həyatımızda baş verən ən xırda problemi də bilirdik. Nurəddinlə münasibətimiz o səviyyədə deyil. Amma təbii, şəxsiyyətinə hörmət etdiyim bir insandır.

Nurəddin birmənalı insan deyil. Təbii, ipək deyil. Ciddi xarakterli adamdır. Çılğındır. Bəzən baxırsan ki, xırda bir şeydən hirslənə bilir. Hər şeyə tez inanandır, bir az onda uşaq sadəlövhlüyü var. Təbii, o yaxşı xüsusiyyətdir. Mərd adamdır. Kimləsə bir mübahisəsi varsa, konkret onun özüylə mübahisə edər, şəxsi işinə, həyatına, uşağına, ailəsinə qarışmaz, yəni sənət mübahisəsi edər. Paxıl deyil. Səxavətlidir. Hərdən mən ona zarafatla deyirəm, "sən pulu elə xərcləyirsən, elə bil, konfet kağızıdır, sabah, birisigün yoxdur". Yəni dost, tanış üçün əlindən gələni edəndir, əliaçıqdır".

"Oynadığı rolu ondan sonra heç kim yaxşı oynaya bilmir"

"Elə adamlar var, məsələn onları parodiya etmək olur, parodiyaya tez yatırlar. Nurəddin onlardan deyil, yəni xarakter və davranışında elə bir ciddi qüsur görmürdün ki, onunla zarafat edəsən, zarafata salasan. Və o həddi keçən bir kimsəni vaxtında dayandırmağı da bacarırdı.

Nurəddinin çox rolları mənim xoşuma gəlir. Vaxtilə ən bəyənidiyim rolu "Solğun çiçəklər" televiziya tamaşasında oynadığı Bəhram obrazıdır. Cəfər Cabbarlının "Solğun çiçəklər"indən başqa, "Aydın"ını da oynamışdı. Sonra bir də, belə böyük çıxmasın, mənim yazdığım "Hələ sevirəm deməmişdilər" əsərimdə Azərbaycan əsgərini oynamışdı. Nurəddin o qəbil aktyorlardandır ki, oynadığı rolu ondan sonra heç kim yaxşı oynaya bilmir. Yəni möhürünü vurur. Oynadığı rolu Nurəddindən güclü yaratmaq artıq mümkün deyil.

Biz Yaltada olanda "Xəcalət" tamaşasında o Vətən rolunu, mən də Muradı oynayırdım. Orada bizim qrupa "Za vısokoe aktyorskoe masterstvo" mükafatı verildi və orada yazmışdılar ki, "bu iki sənətkarı biz Çexovda, Şekspirdə görmək istərdik. Çox maraqlı aktyorlardır".

Nurəddin zalı saxlaya bilən aktyordur, Məsələn, zal ona qulaq asır, səhnədə güclü aurası, güclü enerjisi var. Sonra "Cavad xan" filmində bir yerdə çəkilmişik. O, Cavad xanı oynayıb.

Nurəddinə cansağlığı, çoxlu pul, yaradıcılıq uğurları arzulayıram. Teatrın repertuarı, demək olar ki, onun çiynindədir və istənilən tamaşanı qaldırır. Kinoda, seriallarda da böyük olsun. Balalarının başında olsun və ən əsası - daha çox fikrini teatra, səhnəyə ayırsın".

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/347339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR