Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin ilk məzunlarının buraxılışı olub

Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin ilk məzunlarının buraxılışı olub
13:13 30 May 2015
1229 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsində yerləşən xüsusi məktəbində ilk məzunların buraxılışına həsr olunan tədbir keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin nümayəndələri, generallar iştirak ediblər.
Dövlət himninin səsləndirilməsindən sonra çıxış edən general-polkovnik Elçin Quliyev məzunlara təbriklərini çatdırıb, tövsiyə və tapşırıqlarını verib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsindən, Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən ali diqqət və qayğıdan danışan Elçin Quliyev məktəbin yaradılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əməyini xüsusi qeyd edib.
Tədbirdə qeyd olunub ki, şagirdlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi tərbiyə olunması üçün məktəbdə bütün şərait yaradılıb. Hər il məktəbdə oxumaq istəyənlərin sayının qəbul planında nəzərdə tutulduğundan dəfələrlə çox olması bu təhsil ocağının qısa müddətdə respublikamızda böyük nüfuz qazanmasının göstəricisi olduğu vurğulanıb.
Məzunların Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul imtahanlarını uğurla verəcəkləri, Akademiyada sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnərək yüksək ixtisaslı zabitlər kimi ölkəmizin sərhəd mühafizəsində şərəflə xidmət edəcəkləri bildirilib.
Xüsusi məktəbin rəisi E.Quliyev və məktəbin məzunu S.Musayev tədbirdə çıxış edərək şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, məzunların bu etimadı doğruldacaqlarına söz veriblər.
Təhsildə fərqlənən ilk məzunların bir qrupuna qiymətli hədiyyələr təqdim olunub.
Məzunlar məktəbin bayrağını öpərək təhsil ocağı ilə vidalaşıblar.















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmetinin_xususi_mektebinin_ilk_mezunlarinin_buraxilisi_olub-859369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR