Bəzi "tərbiyəçilər" uşaqlarımızı vəhşiyə çevirirlər -

Xəbər verdiyimiz kimi, İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında xoşagəlməz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən kadrlarda, qadın körpənin çörəyi yeməsini israr edərək şəklini çəkməyə çalışır. Amma uşaq onun dediklərinə uyğun davranmadıqda isə qəflətən başına sillə vurur. Yayılan görüntülər ölkədə insanların ciddi narazılığına səbəb olub.


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a bildirib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Dönərdən zəhərlənmə faktı ilə bağlı cinayət işi açılıb

Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcəkdir.

Məktəbəqədər müəssisədə baş verənlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də diqqətindən yayınmayıb.


Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, təmsil etdiyi qurum yayılan videogörüntülərdən məlumatlıdır. Onun sözlərinə görə, artıq müvafiq qurumlar da iddia olunan faktla bağlı araşdırmalar aparır və araşdırmaların nəticəsinə uyğun olaraq hüquqi qiymət veriləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Cəsarət Valehov da sosial şəbəkə hesabında İsmayıllı rayonunda yerləşən 1 saylı körpələr evi-uşaq bağçasında baş verənlərə münasibət bildirib.

"Universitet tələbəsi yük maşını sürər?!" -

“Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək”, - nazirlik rəsmisi bildirib.

Həkim-pediatr Elza Məhərrəmli məsələyə münasibət bildirərək qeyd etdi ki, anaları ən çox maraqlandıran uşağın qidalanması olur. Amma çox az valideyn tapılar ki, övladının bağçada və ya məktəbdə yaşıdıları ilə münasibətinə, aktivlik nümayiş etdirməsinə maraq göstərib daima onu izləsin.

Odur ki, tərbiyəçilərdə uşaqların yediyini sübut etmək üçün sırf onlar yemək yeyən yerdə belə videolar çəkib paylaşırlar. Valideynlər uşaqlarını haqqını tələb edən, gözüaçıq böyütməlidirlər. Bu halda onlara heç kim zorakılıq tələb edə bilməz. Hətta valideynləri belə.

Baş vermis hadisəyə həm pedaqoji, həm psixoloji aspektdən yanaşan psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, məktəbəqədər təhsil tərbiyə fundamentdi, burada uşağın öyrəndiyi hər şey onun yaddaşında həkk olur.

“Kim zəmanət verə bilər ki, bu gün "göstəriş" üçün çəkilən şəkilə görə döyülən uşaq sabah anasına, bacısına, yoldaşına, qızına qarşı zorakılıq tətbiq etməyəcəkdir. Tərbiyə mütəşəkkil təşkil olunmuş məqsədyönlü prossesdir. Deməli bizim uşaqları bilərəkdən belə tərbiyəçilər "vəhşi "edirlər? Nəinki məktəbəqədər, məktəb direktorları, müəllimlər, bütün təhsil pillələrində dərs deyənlər əvvəlcə psixoloji komissiyadan keçib, kağız alıb, ondan sonra pedaqoji prossesdə iştirak etməlidirlər”.

Məlumat üçün bildirək ki, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurması ilə bağlı bəzi detallar məlum olub. Belə ki, 2019-cu il təvəllüdlü uşağın ailəsi öz qohumları olan tərbiyəçi Zülfiyyə Baxışovadan şikayətçi olmayıb. Z.Baxışova körpənin anasının xalasıdır. Döyülməyə məruz qalan uşağın anası İsmayıllı Rayon İcra Hakimiyyətində məsləhətçi işləyir. Atası isə rayon peşə məktəbində direktor müavinidir.

Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən bu gündən ləğv edilib.

Bu kimi məsələlərdə cəmiyyət olaraq birlik nümayiş etdirmək çox vacibdir. Çünki gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsinin mayasını tərbiyə və sevgi təşkil edir. Vəhşiliyə, zorakılığa məruz qalmış uşaqdan sabah lider kimi özünü aparıb humanizm nümayiş etdirməsini gözləmək absurd olardı. Odur ki, tərbiyəni sillə və şapalaqda deyil, onların idrakına zərər verməyəcək metodlarla tətbiq etmək vacibdir.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR