Təhsil nazirinin sabiq müavini vəfat edib

Təhsil nazirinin sabiq müavini vəfat edib
13:27 30 May 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 13:24 ]

Bakı. Könül Kamilqızı - APA. Təhsil Problemləri İnstitutunun sabiq direktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Təhsilin Problemləri Laboratoriyasının müdiri Abdulla Mehrabov bu gecə 77 yaşında dünyasını dəyişib.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev APA-ya açıqlamasında bildirib ki, Abdulla Mehrabov uzun sürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün dəfn olunacaq.

 

Qeyd edək ki, Abdulla Mehrabov 1938-ci il mayın 1-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1967-ci ildə vaxtından əvvəl "Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru - alimlik dərəcəsi alıb.

 

Onun rəhbərliyi altında 12 elmlər doktoru, 29 elmlər namizədi hazırlanıb. Professor A.Mehrabov dünyanın aparıcı elmi jurnallarında, respublika məcmuələrində çap olunmuş 400-dən çox elmi məqalənin, 41 elmi-metodik vəsaitin, 9 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın və 14 ixtiranın müəllifidir. A.Mehrabov 1990-cı ildən 1992-ci ilin sonunadək təhsili nazirinin müavini vəzifəsində işləyib, 2001-2013-cü illərdə Təhsil Problemləri İnstitutuna rəhbərlik edib. Professor A. Mehrabov 2004-cü ildə Rusiya Təhsil Akademiyasının akademiki seçilib, 2006-cı ildə respublikanın "Əməkdar müəllim"i fəxri adına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR