Göyçayda yetişdirilən pomidor məhsulunun 50 faizi Rusiya bazarlarına ixrac edilir

Göyçayda yetişdirilən pomidor məhsulunun 50 faizi Rusiya bazarlarına ixrac edilir
13:48 30 May 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+


Göyçay, 30 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçayın kəndlərində əhalinin əsas gəlir mənbəyini əkinçilik təşkil edir. Hazırda rayonun kəndli fermerləri tarla işləri ilə məşğuldurlar. Erkən yaz aylarında havanın bir müddət yağmurlu və şaxtalı keçməsi əkin sahələri üçün xeyirli olub. Belə ki, əlverişli hava şəraiti sahələrdə bol məhsulun yetişməsinə gətirib çıxarıb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Göyçay Rayon İcra Hakimiyyətinin aqrar şöbəsinin məsul işçisi Mahir Məlikov bildirib. Onun sözlərinə görə, hazırda Göyçayın 30-dan artıq kəndində vətəndaşlar öz fərdi həyətyanı sahələrində və mülkiyyətlərində olan pay torpaqlarında faraş tərəvəzçiliklə məşğul olurlar. Bu iş rayonun Qaraman, Çayarxı, Ləkçılpaq, Mırtı, Hacalıkənd, Qarabaqqal, Qaraxıdır, Bəydövül, Yalman kəndlərində geniş yayılıb. Bu kəndlərdə elə bir həyətyanı sahə yoxdur ki, orada istixanalar olmasın. Kəndlərdə faraş tərəvəzçiliyə daha erkən, yəni dekabr ayında başlanılır. Əvvəlcə kiçik istixanalarda pomidor toxumlarının səpini aparılır və xüsusi aqrotexniki qulluq göstərilərək yetişdirilən pomidor şitilləri fevral-mart aylarında böyük istixanalarda torpağa köçürülür.
M.Məlikov deyib ki, hazırda kəndlərdə pomidor və xiyar şitillərinə qulluq edilməsi, yetişən məhsulun toplanaraq müştərilərə satılması istiqamətində işlərin qızğın çağıdır. Kəndlərdə əhalinin 90 faizi istixanalarda pomidor və xiyar yetişdirir. Hər bir həyətyanı sahədə orta hesabla 2-3 və daha çox istixana mövcuddur. Kəndlilər bitkilərin tələf olmaması və tez məhsul verməsi üçün aqrotexniki qulluğun səviyyəsini artırır, ziyanvericilərə qarşı düzgün mübarizə aparırlar.
Kənd əməkçiləri məhsulu alıcılara elə öz həyətlərində satırlar. Pomidorun bir kiloqramı 1,5 manata, xiyarın bir kiloqramı isə 50 qəpiyə satılır. Ötən il rayonda istehsal olunan pomidor məhsulunun təxminən 50 faizi Rusiya bazarlarına göndərilib. Bu il də Bakıya və respublikanın digər rayonlarına, eləcə də Rusiyanın müxtəlif şəhərlərinə məhsul ixrac olunur.
Qeyd edək ki, rayonda faraş tərəvəzçiliklə məşğul olanlar ildə 2 dəfə məhsul götürə bilirlər. Ümumiyyətlə, istehsal olunan tərəvəz məhsullarının yarıdan çoxunu faraş tərəvəz təşkil edir.
Cari ildə Göyçayda 220 hektardan çox sahədə pomidor və xiyar yetişdirilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Goychayda_yetisdirilen_pomidor_mehsulunun_50_faizi_Rusiya_bazarlarina_ixrac_edilir-859377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR