Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb.
Metbuat.az xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov deyib.
O bildirib ki, cinayətkarlığa qarşı mübarizənin vəziyyətinin təhlili göstərir ki, ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb:
"Ötən illə müqayisədə 2252 hadisə, yəni 21,4% artım müşahidə edilmişdir. 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 2792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olmuşdur.
İlqar Abbasovun sözlərinə görə, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olmuşdur ki, bu ötən illə müqayisədə 5,4% artmışdır: "Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilmişdir. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olmuşdur.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınmışdır ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir".