NATO-dan Putinə CİDDİ XƏBƏRDARLIQ: Kiyevə silahlar göndərildi -

Böyük Britaniya və bir sıra digər aparıcı NATO ölkələrinin liderləri Ukraynanın Rusiya tərəfindən işğalı halında görünməmiş sanksiyalar paketinin tətbiq edilməsi ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Consonun ABŞ, İtaliya, Polşa, Fransa, Almaniya liderləri, Avropa İttifaqı və NATO rəhbərliyi ilə bazar ertəsi onlayn görüşündən sonra yaydığı bəyanatda deyilir.

"Liderlər razılaşıblar ki, Rusiyanın Ukraynaya növbəti müdaxiləsi olarsa, müttəfiqlər dərhal cəza tədbirləri, o cümlədən görünməmiş sanksiyalar paketi ilə cavab verməlidirlər. NATO ölkələri “həmçinin beynəlxalq ictimaiyyətin Ukraynanın suverenliyinə xələl gətirəcək heç bir hərəkətə dözməməsi ilə bağlı da razılığa gəliblər”. Yanvarın 17-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles krallığın Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün Kiyevə yeni yardım paketi hazırladığını elan edib.

Onun sözlərinə görə, söhbət yüngül tank əleyhinə silahların tədarükündən gedir. Uolles onu da açıqlamasında əlavə edib ki, bu silahlar qısa mənzilli, strateji əhəmiyyət kəsb etməyən və Rusiya Federasiyası üçün təhlükə yaratmayan silahlardır. Son zamanlar Qərb ölkələrində, eləcə də Ukraynada Rusiyanın Ukrayna ərazisinə mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız gərginliyin artması adlandırıb. Peskov vurğulayıb ki, Rusiya heç kim üçün təhlükə yaratmır. Eyni zamanda, o, bu cür bəyanatlara haqq qazandırmaq üçün təxribatların mümkünlüyünü istisna etməyib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həlli cəhdlərinin ən ağır nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR