AFFA-nın 30-cu Konfransı keçirilib

AFFA-nın 30-cu növbəti Konfransı keçirilib.

Metbuat.az xəbər verir ki, prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 31 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayaraq deyib: “Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar! AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram.

Bildiyiniz kimi, COVID-19 pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar ötən konfransımız videokonfrans formatında keçirilmişdi. Yenidən canlı ünsiyyətdə olmaq imkanı əldə etdiyimiz üçün hər birinizi təbrik edirəm. Ümidvaram ki, növbəti Konfransımızda pandemiya haqqında tamamilə keçmiş zamanda danışacağıq.

Bu gün Konfransımız əlamətdar günə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si hər il Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan futbol ailəsi adından gənclərimizi təbrik edirik!

Hesabat dövrü ərzində koronavirus pandemiyasına baxmayaraq, AFFA tərəfindən planlaşdırılan tədbirlər həyata keçirilib. Təbii ki, ilk növbədə AVRO-2020-nin Bakıda təşkil olunmuş 4 oyununu xüsusi qeyd etməliyik. Bu, ölkəmizin nəinki futbol, ümumiyyətlə, idman tarixində xüsusi əhəmiyyətə malik hadisələrdən biri idi. AVRO-2020-nin oyunlarının təşkili ilə bağlı namizdəlyimizin irəli sürülməsi prosesindən başlayaraq bütün mərhələlərdə bizə böyük dəstək göstərən dövlətimizə, xüsusilə möhtərəm cənab Prezidentə bir daha futbol ictimaiyyəti adından təşəkkürümü bildirirəm. Turnirin bu səviyyədə təşkil olunması təkcə futbolumuzun deyil, ölkəmizin, dövlətimizin böyük uğurudur.

Həyata keçirilmiş bütün tədbirlər barədə sizə ətraflı məlumat veriləcək, hesabat təqdim olunacaq”.

Hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

İcraçı vitse-prezident Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq növbəti mövsüm Premyer Liqada komandaların sayı 10-a çatacaq. Bu istiqamətdə hazırlıq işləri gedir və fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik. Bölgə futbolunun hər zaman diqqət mərkəzində olduğunu qeyd edən icraçı vitse-prezident pandemiya ilə əlaqədar bir müddət bu sahədə çətinliklərin olduğunu, lakin karantin qaydaları yumşaldıqdan sonra AFFA rəsmilərinin müxtəlif bölgələrə silsilə səfərlərinin təşkil olunduğunu, uşaq komandalarına idman geyimləri, toplar verildiyini, müxtəlif bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirildiyini bildirib. Pandemiyanın uşaq və gənclər arasında təşkil olunan yarışlara da təsirsiz ötüşmədiyini deyən E.Məmmədov, çətinliklərə baxmayaraq, liqaların bərpa olunduğunu və yaxın zamanda ən kütləvi turnir olan “Coca-Cola Məktəbli Kuboku” yarışına da yenidən start verilməsinin planlaşdırıldığını qeyd etdi. Çıxışının sonunda Elxan Məmmədov AVRO-2020-nin 4 oyununun Bakı şəhərində təşkil olunması barədə danışıb və ölkəmizin idman tarixində xüsisi əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

AVRO-2020 ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “AVRO-2020-nin irsi” mövzusunda, Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Fritz Stuchlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

Konfransda iştirak edən UEFA nümayəndəsi Cozef Kliment və FIFA rəsmisi Nodar Axalkatsi çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, hesabat dövrü ərzində futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.

Çıxışlar başa çatdıqdan AVRO-2020-nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 nəfər könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.

AFFA prezidentinin yekun çıxışından sonra Konfrans başa çatıb.

Konfransdan sonra AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR