Daha bir alimdən Ramiz Mediyevə İSTEFA ÇAĞIRIŞI: "Ayrılan pullar müxtəlif adlarla, qrantlarla, mükafatlarla sovrulur"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru, professor Əbülhəsən Abbasov AMEA prezidenti Ramiz Mehdiyevi istefa verməyə çağırıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə professor Əbülhəsən Abbasov APA-ya açıqlamasında deyib ki, AMEA-da böhranlı vəziyyət yaranıb.

Onun sözlərinə görə, böhranın səbəbi AMEA-nın zamanın, cəmiyyəti tələbləri ilə hesablaşmamasıdır: “AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. Uzun illərdir, AMEA-da köklü islahatlara ehtiyac vardı. İlk növbədə, AMEA-nın idarə olunması, onun funksional təyinatı, mahiyyəti üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nəsə baş vermək əvəzinə, xüsusən Ramiz Mehdiyev AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar baş alıb getdi. Bu aspektdə bir məqamı da xüsusi qeyd etmək istəyirəm. Ramiz Mehdiyev AMEA-nın prezidenti olmamışdan əvvəl də Akademiyanı öz nəzarətində saxlayıb, bu, danılmaz faktdır. Hələ AMEA prezidenti olmamışdan əvvəl də AMEA-da idarəetmədə xoşagəlməz hallar, yerliçilik, tanışlıq və şəxsi sədaqət prinsiplərinin tətbiq olunmasının arxasında məhz Ramiz Mehdiyev dururdu. Ramiz Mehdiyev AMEA-ya prezident gəlməmişdən öncə bir növ sovet idarəetmə sistemindən miras qalmış idarəetmə üsulunu Akademiyada var gücü ilə tətbiq edirdi. Bu da müəyyən fəsadlara yol açırdı. Amma Ramiz Mehdiyev AMEA-ya bilavasitə prezident gələndən sonra bu mənfi tendensiyalar elə həddə çatdı ki, çoxunun da etiraf etdiyi kimi, artıq AMEA-da böhranlı vəziyyət yarandı”.

Professor qeyd edib ki, AMEA-da idarəetmə başdan ayağa yenilənməli, müasir tələblərə cavab verməlidir:

“Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında AMEA prezidenti oldu. Həmin vaxt dövlət başçısı tərəfindən Azərbaycanda islahatların yeni mərhələsi elan olunmuşdu. Hər yerdə fəlsəfə üzrə baş akademik kimi təqdim olunan Ramiz Mehdiyev nə etməli idi? İlk növbədə, AMEA-nın, ayrı-ayrı bölmələrin, institutların rəhbərləri qarşısında Azərbaycanda islahatların elmi-nəzəri təminatı və ideoloji platformasının hazırlanması problemini qoymalı idi. Savadlı, islahatlar haqqında az-çox məlumatı, təcrübəsi olan, ilk növbədə, bunu etməli idi. Əfsuslar olsun ki, bu adam özü fəlsəfə üzrə akademik ola-ola, Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivini toplayaraq görüş keçirməyib. Bu sahənin alimlərindən soruşmayıb ki, islahatlara baxışınız necədir, bunun ümumi prinsipləri, ideyaları nəyə söykənməli, islahatların fəlsəfi nüvəsini nə təşkil etməlidir? Azərbaycanda cəmiyyətin ayrı-ayrı fəaliyyət sahələrində islahatların, ilk növbədə, elmi-nəzəri müstəvidə strukturu, açılışı, mərhələləri necə olmalıdır? İqtisadi, siyasi, hüquqi, sosial, mədəniyyət və digər sahələrdə islahatlar hansı formada, hansı məzmunda, hansı qarşılıqlı koordinasiyada həyata keçirilməlidir, bunun elmi təminatı nədən ibarətdir? Hansı mexanizmlər işə gətirilməli, hansı təcrübə önə çəkilməlidir? Bunların hamısı açıq qaldı. Əksinə, Ramiz Mehdiyev ən arxaik, cəmiyyəti geriyə aparan və vərdiş etdiyi üsullara üstünlük verdi”.

Ə. Abbasov vurğulayıb ki, Ramiz Mehdiyev AMEA-da bir növ idarəetməni özünün personasına, səlahiyyət sahibi, aparıcı fiqur olmasına xidmətə yönəltdi:

“Ramiz Mehdiyev hansısa qadağalar ortaya çıxardı, yenilik adı altında bölmələrdə dəyişikliklər etdi. AMEA-da öz üzərinə düşən məsuliyyəti dərk edən, bacarıqlı, qabiliyyətli, savadlı, işləri operativ yerinə yetirən insanların hamısını qısa müddətdə kənarlaşdırdı, xoşagəlməz, sırf şəxsi sədaqət prinsipləri əsasında kadr təyinatlarını həyata keçirməyə başladı. Əvvəllər də AMEA prezidentləri olub, ancaq onların ətrafında bu qədər köməkçilər, digərləri olmayıb. Yeri gəlmişkən, bəzən deyirlər ki, elmə az pul ayrılır. Bununla mən də razıyam, milli gəlirin 3 faizi civarında elmə vəsait ayrılmalıdır. Azərbaycanda isə bu səviyyə çox aşağıdır. Amma idarəetmə optimallaşmasa, dövlət elmə ayrılan vəsaiti nə qədər artırsa da, idarəetmənin daxilində yararsız bürokratiya həmin vəsaiti mənimsəyəcək. Bunu indi də görürük. İş görən vicdanlı, məsuliyyətli, qabiliyyətli insanlara həmin vəsait çatmayacaq. Yeri gəlmişkən, hazırda o insanlar hansı şəraitdə işləyirlər? 21-ci əsrdə işləyən həmin insanlar adi personal kompüterlə də təmin olunmayıb. Çünki ayrılan pullar müxtəlif adlarla, qrantlarla, mükafatlarla sovrulur. Bunu araşdırmaq xüsusi orqanların işidir, mən məsələnin elmi tərəfini danışıram. Nə qədər maliyyə ayrılsa da, yararsız idarəetmə çərçivəsində sovrulub gedəcək, şəxsi, qrup, korporativ maraqlar çərçivəsində israf olunacaq, mənimsəniləcək. Biz bunu görürük. Ona görə də bu məsələ həll olunmalıdır”.

Professor hesab edir ki, Prezident İlham Əliyevə bu məsələni nəzarətinə götürməli, problem həll olunmalıdır:

“Düşünən, vicdanlı, potensiallı alimlər bu məsələdə dövlət başçısına yardım, kömək etməlidirlər, kənarda gözləməklə bu məsələ bitmir. AMEA-nın kadr tərkibini, rəhbərliyini, o cümlədən prioritetləri yeniləşdirmək lazımdır. Qabaqcıl dünya təcrübəsindən də istifadə olunmalıdır. Bu işləri görmək üçün isə AMEA rəhbərliyi, birinci şəxs dəyişməli, rəhbərlik yenilənməlidir. AMEA-nın rəhbəri cəmiyyətdə, elmi ictimaiyyətdə həqiqətən hörməti olan, əməli-salehliyi ilə fərqlənən, enerjili, gələcəyi görən, dövlət və milli maraqlara uyğun olaraq fəaliyyət göstərən şəxs olmalıdır. Eyni zamanda bütün idarəetmə strukturları yenidən qurulmalıdır. Ramiz Mehdiyev AMEA prezidenti olaraq qaldığı halda isə perspektiv görmürəm. Nə qədər ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olacaq, bunlar mümkün olmayacaq. Ramiz Mehdiyev ətrafında bir mühafizə layı - Rəyasət Heyəti və s. yaradıb. Ramiz Mehdiyev vaxtilə o insanların çoxunu özündən asılı vəziyyətə gətirib. Titul almaqda, akademik, rektor olmaqda və başqa məsələlərdə özündən asılı vəziyyətə salıb. Əlbəttə, AMEA-da akademiklər, müxbir üzvlər arasında həqiqətən o titula layiq olanlar var. Ancaq məsələ ondadır ki, idarəçilik bu formada qalacaqsa, onların da potensialı effekt verə bilməz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR