Vaşinqtonun yemlədiyi demokratlar terrorçu olurlar

Vaşinqtonun yemlədiyi demokratlar terrorçu olurlar
10:05 19 Yanvar 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı vuruşan müxtəlif qruplaşmalar arasında nisbətən effektiv sayılan "Azad Suriya Ordusu" (ASO) ölkədə vətəndaş müharibəsi başlanandan bəri Qərb ölkələrindən hər formada dəstək alır. Maliyyə, silah, hərbi texnika, siyasi dəstək və s. - ASO-ya faktiki olaraq heç nə əsirgənmir.
 
Suriya silahlı qüvvələrinin sabiq briqada generalı Səlim İdrisin rəhbərlik etdiyi ASO amerikalıların ən çox güvəndiyi, əslində yetişdirdiyi və idarə etdiyi qruplaşmadır.
Sıralarında təxminən 80 min yaraqlının olduğu vurğulanan ASO-ya yardım edən Vaşinqton bu qruplaşmanı "Bəşər Əsəd diktaturasına qarşı mübarizə aparmaqla yanaşı, ölkədə demokratik cəmiyyət qurulmasına can atan insanların birliyi" kimi də qələmə verir.
 
Yaxın Şərqdə İranın mövqelərini zəiflətmək və Tehrandakı rejimi Suriya təki sadiq müttəfiqindən məhrum etmək, bununla da 1979-cu ildəki İslam inqilabından bəri ABŞ-ın düşmən saydığı ölkədə hakimiyyət dəyişiklikləri üçün zəmin hazırlamaq məqsədilə Suriyada Bəşər Əsədə qarşı genişmiqyaslı vətəndaş etirazları başlanmışdı.
 
Bu etirazları Qərb mediası suriyalıların demokratiya tələbləri, inqilab istəyi kimi təqdim etsə də, hadisələrin gedişatı və xüsusilə də paytaxt Dəməşqdən başlayaraq, əyalət şəhərlərində polis və hərbçilərlə etiraz aksiyalarının iştirakçıları arasındakı toqquşmaların formatı olayların bir mərkəzdən idarə olunduğunu göstərirdi.
 
Bir qədər də keçdi, Vaşinqton Suriya hadisələrində bilavasitə iştirakını artıq pərdələyə bilmədi. Hər şey çox aşkar görünürdü çünki.
 
Belədə Ağ Ev suriyalıların silahlı müxalifətini dəstəkləməsini legitimləşdirmək üçün ASO-nun yaradılmasına nail oldu.
 
Taleyin ironiyasına bax ki, "Azad Suriya Ordusu" adlanan bu qruplaşmanın siyasi rəhbərliyi Londonda, hərbi qərargahı isə Vaşinqtondadır. Yəni suriyalıların "azad və müstəqil silahlı mübarizəsinin lider təşkilatı" adlanan bu qurumun rəhbərləri komandanlıq etdikləri adamların vuruşduqları ölkədə deyillər.
 
Ağ Ev bunu ASO-nun "rəhbərliyinin təhlükəsizliyinin təminatı" adlandırsa da, tarix belə "inqilab rəhbərləri"nin bütün hallarda olduqları ölkənin hakimiyyət dairələrinin göstərişlərini və əmrlərini yerinə yetirdiklərini göstərir.
 
İnqilab edənlər devirmək istədikləri hakimiyyətin olduğu ölkədə olmalı, bu ölkədə risklərə və ölüm təhdidlərinə məruz qalaraq mübarizə aparmalıdırlar.
 
Bu, siyasətin "2X2"sidir.
 
Əks təqdirdə inqilab istəyi kimi kütlələlərə sırınan məqam böyük dövlətin maraqlarının təminatı üçün çalışmaq olur.
 
Üstəlik, 19-cu əsrlərin ortalarından bəri aparılan "azad və müstəqil inqilabi mübarizələr"in təcrübəsi onu da göstərir ki, əmrlərlə hərəkət edən və böyük dövlətlərin planlarına uyğun yaradılan təşkilatlar bir müddət sonra elə ağasına qarşı çevrilir.
 
Əfqanıstandakı "Taliban"ı xatırlayaq: sovet qoşunları ilə mübarizə üçün ABŞ-ın yaratdığı, Pakistanın SİS kəşfiyyat və əks-kəşfiyyat təşkilatının bilavasitə idarə etdiyi bu hərəkat sabiq SSRİ-nin 40-cı ordusu 1989-cu ildə Əfqanıstanı tərk edəndən dərhal sonra bu ölkədə hakimiyyəti ələ keçirdi, sonra da silahı Pakistanın hakimiyyəti ilə ABŞ-a qarşı çevirdi.
 
"Əl Qaida"nı də bir zamanlar Qərb yaratmışdı, bu terror qruplaşmasının "ata"sı Üsamə bin Ladinə məhz ABŞ silah verərək təlimlər təşkil etmişdi.
 
Sonuc yaxşı olmadı: amerikalılardan aldığı "Stinger" raketləri ilə Üsamə bin Ladenin terrorçuları elə amerikalıların təyyarə və helikopterlərini hədəfə aldılar.
 
Tarix onu da göstərir ki, hər hansı ölkədə hakimiyyət dəyişikliyinə, çevrilişə nail olmaq üçün ABŞ-ın yaratdığı, "demokratik qüvvələr" kimi qələmə verdiyi qruplaşmalar sonradan terrora girişir, mənhus dəstələrə dönür və axırda da amerikalıların başağrısı olurlar.
Suriyada eyni situasiya yaşanır.
 
Vaşinqtonun az qala "azadlıq aşiqləri, Bəşər Əsəd diktaturasına qarşı cəsarətlə vuruşan aslanlar" kimi təqdim etdiyi ASO Suriyada çox təhlükəli terror qruplaşmalarının formalaşaraq güclənməsinə rəvac verdi.
 
2013-cü ilin sentyabr ayında Suriyanın silahlı müxalifətinin 13 ən effektiv, güclü və yaxşı silahlanmış qruplaşması Suriya Milli Müxalifət Koalisiyasını tərk etdilər, "Azad Suriya Ordusu"ndan ayrıldılar və İslam Koalisiyası qurdular.
 
Yeni yaranmış koalisiyanın da mərkəzi qüvvəsi "Əl Qaida"nın Suriyadakı bölməsinə çevrilən "Cəbhət əl Nüsra" oldu.
 
Daha sonra ASO-dan daha 3 dəstə ayrılaraq "Livayi Tovhid", "Livayi əl İslam", "Sükor əş Şam" terror qruplarına çevrildilər.
 
Bir daha xatırladaq ki, sadaladığım terror qruplarının hamısı əvvəllər "demokratik müxalifət", "Bəşər Əsədə qarşı vuruşan müstəqil vətəndaşlar"dılar.
 
ABŞ Suriyadakı bu biabırçı uğursuzluğunu ört-basdır etmək, ASO-nun parçalanaraq islamçı qruplaşmalara və aşkar terrorçu dəstələr yığnağına çevrilməsinin qarşısını almaq üçün əvvəl Vaşinqtonda, sonra da İordaniyada təcili məsləhətləşmələr keçirsə də, nəticə yoxdur.
ASO parçalanmağa davam edir.
 
Ötən həftə "Suriyanın mülayim, Qərbə meylli müxalifəti" adlanan bu qurumu 3200 yaraqlı tərk edib. Onların hamısı "İraq və Şam İslam Dövləti" (İŞİD) terror hərəkatının sıralarına qatılıb. ASO-nun artıq sabiq yaraqlılarının bir qismi İŞİD-in paytaxt elan etdiyi Rəkka şəhərinə, yerdə qalanı da İraqın Mosul şəhərinə yollanıb.
 
Gedənlər ABŞ-dan aldıqları silah, hərbi texnika, avadanlıq, maliyyə resurslarını da özləri ilə aparıblar.
 
Özü də bu adamlar dünən əlinə silah almış orta statistik suriyalılar yox, ABŞ, Böyük Britaniya və Səudiyyə Ərəbistanından olan ekspertlərin birbaşa nəzarəti altında uzunmüddətli təlimlər keçmiş hazırlıqlı döyüşçülərdir.
 
Eyni zamanda, ABŞ-ın Suriyada idarə etdiyini düşündüyü, sürəkli maliyyə və hərbi yardımlar etdiyi, hətta tank əleyhinə BGM-71 raket kompleksləri belə, verdiyi "Hərəkət Həzm" qruplaşması da Vaşinqtondakı ağalarına "qəfil xəyanət" edərək İŞİD sıralarına qatılıb.
 
Suriyada hazırda ABŞ-a sadiq qalan 5 min "silahlı demokrat" var ki, onların da nə zamansa İŞİD sıralarına qatılmayacaqlarına kimsə təminat verə bilməz.
 
Suriyada terrorçuları silahlandırmaq, onlara maliyyə və siyasi dəstək verməklə Bəşər Əsəd rejimini devirməklə yanaşı, İrandakı hakimiyyət və Livandakı "Hizbullah" hərəkatını zəiflətmək üçün zəmin hazırlamağa çalışan amerikalıların bölgədəki siyasəti, deyəsən, yeni, biabırçı məğlubiyyətlərə uğramaqdadır.
 
Ağ Ev isə Suriyada "mülayim, demokratik müxalifət"i dəstəklədiyini deyir. Halbuki ölkədə belə müxalifət çoxdan yoxdur: olan islamçılar, İŞİD və "Əl Qaida" tərəfdarlarıdır.
 
Birləşmiş Ştatların əvvəlcə postsovet məkanında "narıncı inqilab"lar, sonra ərəb ölkələrində "ərəb baharı" adlandırılan çevrilişlər ssenarisinin əhəmiyyətli hissələrindən biri, bu dövlətlərdəki hakimiyyətə qarşı çıxan radikal müxalifətə hər yolla və vasitələrlə yardım etməklə Vaşinqtonun maraqlarının tam təminatına yönəlmiş prosesləri aktivləşdirmək planları Suriyada alt-üst olub.
 
Əfqanıstanda, İraqda, Əlcəzairdə, Liviyada olduğu kimi.
 
Sırada hansı dövlətdir?
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR