Valideynlərin DİQQƏTİNƏ: Uşaqlarda yüksək hərarət zamanı bunu etməyin

Hərarət -patogenlərin təsirinə qarşı insan orqanizminin müdafiə reaksiyasıdır. Tempraturunun yüksəlməsi orqanizmdə infeksiyların yaranmasının və immunitetin virus və bakteriyalarla mübarizəsinin ilk əlaməti sayılır. Hərarət zamanı virus və bakteriyalar məhv olur. Məhz bu səbəbdən uşaqlarda 38 C-yə qədər olan temperaturu aşağı salmaq tövsiyə olunmur.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən pediatr-neonatoloq Altay Abdullaoğlu bildirir ki, valideynlər hərarətin bir qədər yüksəlməsi zamanı dərhal qızdırmasalıcı dərmanlar verməməlidir.

"Hərarətin ölçülməsi onun yerinə görə dəyişir. Ağızdan, qoltuqaltından, qulaqdan və sair yerlərdən ölçmək olar. Bu zaman hərarət də müxtəlif olur. Çünki bədənimizin fərqli yerlərində temperatur fərqlidir. Hər bir ölçmə metodunun özünün mənfi (çatışmayan) və müsbət tərəfləri var. Ancaq ən asan və praktik üsul elektron üsulla qoltuqaltından ölçməkdir. Qoltuqaltından edilən ölçmə zamanı hərarət 38-38.5 olduqda hərarəti aşağı salmaq üçün tədbirlər görülməlidir.

Yüksək hərarət zamanı istifadə etdiyimiz çox sayda qızdırmasalıcı dərmanlar var. Onlar tərkibinə görə 2 növü ayrılır:

1. Parasetamol tərkibli sirop və şamlar

2. İbuprofen tərkibli sirop və şamlar

Preparata görə dərmanın dozası da dəyişir. Bu dərmanlar 4-8 saat fasilə ilə verilə bilər".

Pediatr qeyd etdi ki, bəzən valideynlər dərmanın siropunu verir, hərarət düşmədikdə isə həmin dərmanın şam formasından istifadə edirlər. Bu isə eyni tərkib olduğuna görə ikiqat doza deməkdir.

"Bəzən elə olur ki, bütün tədbirlər görülsə də, hərarət düşmür. Bu zaman analgin (metamizol natriy) tərkibli dərman əzələ daxilinə və ya damar yolu ilə təyin edilə bilər. Amma unutmaq olmaz ki, analgin iynəsi ən son çarədir! Balaca körpələr üçün bu iynə çox risklidir. Ciddi allergik reaksiya verə bilər. Ona görə iynə həkim nəzarəti altında vurulmalıdır. Dərman preparatlarından başqa hərarəti aşağı salmaq üçün digər tədbirlər də var. Bunlara otağın sərin olması, uşağın nazik geyindirilməsi, alnına, qoltuqaltına su ilə isladılmış bezlərin qoyulması və ya ilıq duş edilməsi aiddir. Bunlarla bərabər uşağa bol-bol maye içirtmək də çox vacibdir. Yəni bu cür mexaniki üsullarla da hərarəti endirmək mümkündür" deyə pediatr fikirlərini yekunlaşdırıb.

Aidə Fərzəliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR