Əli cibində Makronu qarşılayan Putin Avropaya “Rusiya sizə lazımdır” mesajı verdi -

"Putinin Makronu uzun məsafənin olduğu masada qarşılamasının səbəblərindən biri Rusiya liderinin koronavirusla bağlı aldığı tədbirlərdən qaynaqlanır. Bundan öncə keçirilən qəbullarda da bu forma seçilib".

Metbuat.az xəbər verir ki, bu fikirləri Metbuat.az-a siyasi şərhçi Asif Nərimanlı deyib. Onun şərhinə görə, Putinin Makronla görüşdən öncə Çinə səfər etməsi məsələnin təkcə sağlamlıqla bağlı olmadığını deməyə əsas verir.


"Qeyd edim ki, Makronu salona daxil olarkən Putinin əlinin cibində olması da diqqətdən yayınmadı. Geosiyasi proseslər fonunda bu detallar təsadüfi deyil. ABŞ-NATO və Rusiya qarşıdurmasında Avropa çətin vəziyyətə düşüb. Vaşinqton rus təhlükəsinə bir qədər də böyüdərək, Avropanı öz cəbhəsinə çəkmək istəyir, Moskva da qaz rıçağını işə salaraq, ABŞ-la mübarizədə Avropadan istifadə etmək niyyətindədir. Ən əsası isə dünyanın nüfuz dairələrinə bölüşdürülməsinə doğru gedən bu proseslərdə Avropa maraqları nəzərə alınan güc mərkəzi olmaqdan çıxaraq, iki cəbhə arasında seçim etmək məcubiyyətində qalan tərəfə çevrilir. Fransa və Almaniyanı narahat edən də budur".

Ekspert bildirdi ki, Makron çalışır ki, Ukrayna məsələsində Rusiya ilə əvvəlki Minsk anlaşmasını bərpa etsin, bununla həm Rusiyanın Ukraynaya mümkün hücumunun qarşısını alsın, həm də ABŞ-ı prosesdən kənarlaşdırsın, yaxud ən azından, Avropanın güc mərkəzi rolunu qoruya bilsin. Məhz Makron Moskvada Putinlə görüşərkən, Almaniya kansleri Şolzun Vaşinqtonda olmasının da səbəbi bu idi.

"Şolz ardınca Moskvaya da səfər edəcək. Təbii ki, bu səfərlərdə enerji amili əsas müzakirə mövzularından biridir. Lakin qeyd etdiyim kimi Avropa proseslərdə seçim etməyə məcbur qalan tərəf yox, maraqları nəzərə alınan güc mərkəzi kimi qəbul edilməsinə çalışır. Putinin Makronu bu formada qəbul etməsi də bu kontekstdə təsadüfi deyil. Putin bununla Avropaya mesaj verir ki, “Rusiya sizə lazımdır”. Bu Avropanı ABŞ-ın anti-Rusiya cəbhəsində yer almasının qarşısını almağa hesablanmış gedişdir".


Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR