Bakıda kollecdə təhlükəli anlar yaşandı -

Bakının Yasamal rayonu ərazisində yerləşən 2 nömrəli Bakı Baza Tibb Kollecində təmizlik işçisinin həyatını riskə ataraq çalışdığı video sakinlər tərəfindən lentə alınıb.


Metbuat.az-ın qaynar xəttinə göndərilən görüntülərdə təmizlikçi qadının binanın 5-ci mərtəbəsinin çöl tərəfindən pəncərələri sildiyi əks olunur. Əsas məqam isə ondan ibarətdir ki, kifayət qədər çətin şəraitdə çalışan qadın bu zaman heç bir xüsusi təhlükəsizlik qaydalarına riayət etmir. Yaxşı, bəs bu kimi hallarda məsuliyyət kimin üzərinə düşür?

Məsələ ilə bağlı Metbuat.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sorğu ünvanlayıb. Sorğuya cavab olaraq Xidmətin mətbuat katibi Aynur Osmanqızı bildirdi ki, görüntülər araşdırılmaq üçün aidiyyatı üzrə müvafiq şöbəyə yönləndirilib.

Baş verənlərə münasibət bildirən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev dedi ki, binaların şüşələri təmizlənən zaman bütün təhlükəsizlik tədbirləri görülməli, bu işi görən şəxslər nəzərə alınmalıdır. Yəni bu işin qaydalarını bilməyən, xüsusi kurs keçməyən insanı çoxmərtəbəli binanın bir pəncərəsinə çıxardıb orada hansısa bir təmizlənmə işini tapşırmaq düzgün deyil.

“Yəni bunun üçün ilk növbədə xüsusi kurs keçmiş şəxslər bu kimi işlərə cəlb edilməlidir. Yalnız təhlükəsizlik tədbirləri tam yerinə yetirildikdən sonra təmizlik işlərinə başlanılmalıdır. İlk növbədə küləyin gücü nəzərə alınmalıdır. Əgər hava çox küləklidirsə təmizlik işlərini təxirə salmaq lazımdır. Ümumiyyətlə temperatur mənfi dərəcədirsə, hava şaxtalı, qarlıdırsa şüşələrin təmizlənməsi yol verilməzdir. Təmizlik prosesi zamanı mütləq şüşənin kövrəkliyi nəzərə alınmalıdır. Pəncərə çərçivəsində olan kələ-kötürlük, iti ucların olması diqqətdən yayınmamalıdır. Bu birmənalı olaraq yolverilməzdir. Qaydalara görə, həmin şüşələr yeni bir şüşələrlə əvəz olunub, ondan sonra təmizlik prosesi həyata keçirilməlidir. Bu amillər həm şüşə təmizləyən şəxsin öz həyat və sağlamlığını təhlükəyə atmamaq, həm də digər insanların həyat və sağlamlığında hər hansı təhlükə riskinin olmaması üçün vacibdir. Növbəti addımda nəzərə alınmalı olan amillər arasında nərdivanı şüşəyə söykəməmək, suyun temperaturu da var. Şüşə təmizliyi zamanı su 60 dərəcədən yuxarı olmalı deyil. Qaranlıq saatlarda da işlərin görülməsi də yolverilməzdir”.

Ekspert vurğuladı ki, şüşələrin təmizlənməsi zamanı sadalanan təhlükəsizlik tədbirləri kompleks şəkildə görülməlidir. Hündürlükdə işləyən şəxsin təhlükəsizlik kəmərindən istifadə etməsi, daha sonra fərdi və obyektiv mühafizə vasitələri ilə təchiz edilməsi, xüsusi geyimin, ayaqqabının olması vacibdir. Müsahibimiz onu da qeyd etdi ki, əgər şüşə təmizlənməsi zamanı işçinin həyat və sağlamlığı üçün təhlükə riski varsa, işçi o işi görməkdən imtina etməlidir.

“Ümumiyyətlə bu işlərin görülməsinə alpinistlər, xüsusil qaldırıcı kranlar cəlb edilməlidir. Hündürmərtəbəli binaların şüşələrinin təmizlik prosesi zamanı təhlükə olmadığı təqdirdə yalnız daxildən şüşələrin təmizlənməsi işçi tərəfindən görülə bilər. Bu şərtlə ki, işçinin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmasın. Əks təqdirdə iş prosesi zamanı hər hansı bir adi işçi kiçik diqqətsizlik nəticəsində xəsarət alıb həyatını belə itirə bilər”.

Qeyd edək ki, 3 il öncə də bu təşkilatda eyni məsələni gündəmə gətirmişdik. Görüntülərin olmasına baxmayaraq kollecdən fakt təkzib edilmişdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR