Azərbaycanla Rusiya arasında imzalanması gözlənilən sənəd Ermənistana

“Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaratdı və bu reallıqlar təkcə ölkəmiz üçün deyil, bölgə üçün yeni geosiyasi reallıqlar gətirdi. İndiki mərhələdə Azərbaycanla Rusiya arasında imzalanması gözlənilən sənəd Azərbaycanın ortaq tarixi qələbəsini möhkəmləndirməklə yanaşı, eyni zamanda Ermənistana çox böyük bir zərbədir”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq millət vəkili Cavid Osmanov edib. Millət vəkili vurğuladı ki, belə bir sənədin imzalanması ilə Azərbaycan-Rusiya arasında münasibətlər üst səviyyəyə keçməklə bərabər, Azərbaycanın tarixi qələbəsini daha da möhkəmləndirəcəkdir.

“Bildiyimiz kimi, fevralın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya rəsmi səfəri başlanmışdır. Səfər çərçivəsində Azərbaycanla Rusiya arasında bir sıra vacib sahələri o cümlədən siyasi, humanitar, iqtisadi və digər istiqamətlərdə böyük bir sənədin imzalanması gözlənilir. Son dövrlərdə - 2021-2022-ci illərdə Azərbaycanla Rusiya arasında münasibətlər yeni bir mərhələyə qədəm qoymuşdur. Azərbaycan Prezidenti cənab Ilham Əliyev Azərbaycan xalqına müraciəti zamanı da iki dövlət arasında olan əlaqələrin yeni yöndə inkişaf etdiyinə dair fikirlər söyləmişdir. Qeyd etmək istərdim ki, ötən ilin iyun ayının 15-də Azərbaycan qardaş Türkiyə ilə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanmışdı. İndi isə təxminən buna bənzər bir sənədin Azərbaycan strateji tərəfdaşı olan Rusiya ilə imzalanması gözlənilir”.

Cavid Osmanov onu da qeyd etdi ki, Prezident cənab İlham Əliyevin Moskva səfəri birmənalı olaraq Azərbaycanın növbəti diplomatik uğurudur. Prezident İlham Əliyevin Rusiyaya səfəri yenilik deyil, uzun müddətdir hazırlanan səfərdir. Azəbaycanla Rusiya arasında müttəfiqlik haqqında sənədin imzalanması ilə bağlı iş 2021-ci ilin əvvəlindən başlayıb.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Buna görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədinin imzalanması yeni gündəmə çıxan məsələ deyil.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR