Rayonlararası qatarlar martda bərpa oluna bilər - AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə rayonlararası və şəhərlərarası sərnişindaşıma 31 may 2021-ci ildən bərpa edilib. Məhdudiyyətin götürülməsinə baxmayaraq, “Azərbaycan Dəmir Yolları” QSC hələ də rayonlararası sərnişindaşımını bərpa etməyib.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, hazırda QSC-də maliyyə çatışmazlığı olduğundan, rayonlararası qatarların işə salınması ləngiyir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkrlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu, sərnişinləri narahat edən məsələdir:

“Bununla bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədrinin köməkçisi ilə əlaqə saxladım. Köməkçi də mənə sadəcə, Sumqayıt və dairəvi qatarlarını işlədiyini dedi. Eyni zamanda qeyd etdi ki, rayonlararası qatarların fəaliyyəti mart ayında bərpa oluna bilər".

Deputata verilən məlumata görə, fəaliyyət pandemiya ilə əlaqədar dayandırılıb, eyni zamanda işçi çatışmazlığı var.

Parlamentari Vüqar Bayramov isə bildirib ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə qadağaların yumşaldılması, hətta bəzi ölkələrdə karantinə son qoyulması ilə bağlı qərarlar qəbul olunur:


“Baxmayaraq ki, dünya üzrə yoluxma sayı yenə də yüksəkdir. “Omicron” variantı sürətlə yayılsa da, digər COVID-19 variantları ilə müqayisədə nisbətən daha az təsirli hesab olunur. Buna görə də inkişaf etmiş ölkələrdə karantin qaydalarına yumşaltmalar tətbiq olunur”.

Onun sözlərinə görə, Azərbaycanda da qatarların hərəkətinin bərpa edilməsi məqsədəuyğundur:

“Artıq mart ayına daxil oluruq. Bu ay yazın ilk ayı hesab olunur. Yəni yeni mövsümə daxil oluruq. Buna görə də, daxili turizmi inkişaf etdirmək üçün qatarların hərəkətinin bərpası məqsədəuyğundur. Bu eyni zamanda paytaxtdan rayonlara səfər edən vətəndaşlarımızın sayının artmasına, paytaxt-rayon arasındakı kommunikasiyaların asanlaşmasına gətirib çıxara bilər.

Eyni zamanda, nəqliyyatda hərəkətlərin fərqli nəqliyyat istiqaməti üzrə paylaşılması baxımından vacibdir. Təbii ki, bu, yalnız Bakı ilə rayonlar arasında avtomobil və avtobuslardan deyil, həm də qatarlardan istifadə anlamına gəlir. Bu həm də ekoloji baxımdan vacibdir. Buna görə də, biz təklif edirik ki, qərargah tərəfindən Bakıdan rayonlara qatarların fəaliyyəti məsələsinə baxılsın. Daha məqsədəuyğun olardı ki, artıq növbəti aydan qatarların fəaliyyətinə icazə verilsin”.

Operativ Qərargahdan bildirilib ki, rayonlararası qatarların hərəkətinə hər hansı məhdudiyyət yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR