Bəyannamədə Azərbaycanın, Rusiyanın, Türkiyənin maraqları üst-üstə düşür -

"Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə hər kəs üçün əlçatandır və istənilən ölkə vətəndaşı sənədin ayrı-ayrı müddəalarını oxuyub özü üçün nəticə çıxara bilər".

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun şərhinə görə, Bəyannamədə yer alan bütün vəzifə və öhdəliklər qarşılıqlıdır.

"Həm bu amil, həm də hazırda dünyanın ən böyük güc mərkəzlərindən biri olan Rusiya Federasiyasının Azərbaycanla bərabərhüquqlu əsaslarla qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə imzalanması, sənəddə ölkəmizin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətin ifadə olunması, mahiyyət etibarilə qarşılıqlı münasibətlərin bundan sonrakı mənzərəsini bütün çalarları ilə nümayiş etdirir. Ermənistanda və erməni diasporunun fəal nümayəndələri arasında böyük narahatlıqla qarşılanan bir sənədə münasibətdə Azərbaycandakı bəzi qruplarların nümayiş etdirdiyi yanaşma təəccüb doğurmasa da, bəzi məqamlara aydınlıq gətirməyimizə imkan yaradır".

Müsahibimiz bildirdi ki, Azərbaycan strateji müttəfiqlərinin sayını artırır. Artıq Türkiyə ilə yanaşı qonşu Rusiya da müttəfiqlik münasibətləri çərçivəsində Azərbaycanın təhlükəsizliyinə təminat verən güc mərkəzi kimi çıxış edir.

"Azərbaycan -Türkiyə, Azərbaycan - Rusiya münasibətlərinin strateji müttəfiqlik müstəvisinə qədəm qoyması, son nəticədə hər üç ölkənin qarşılıqlı əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır ki, bu da yaşadığımız bölgədə təhlükəsizliyin, sabitliyin təmin edilməsi, iqtisadi əlaqələrin inkişafı, sosial layihələrin həyata keçirilməsi üçün yeni maliyyə imkanlarının əldə edilməsi deməkdir. Bu xüsusda Azərbaycanın da, Türkiyənin də, Rusiyanın da maraqları üst-üstə düşür".

Mövzuya münasibətini açıqlayan millət vəkili Azər Badamov qeyd etdi ki, sənədi açıb oxuyan hər bir şəxs bu sənədin nə qədər ustalıqla hazırlandığı görəcəkdir. Regionda sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyi haqqında təsəvvür formalaşdıran sənəddə milli maraqlarımızın əksinə olan heç bir ifadə yoxdur.


"Bu sənəd imzalanmaqla düşmənlərimizin arzuladıqları xam xəyallara nöqtə qoyulmuş oldu. Bəyanatın birinci maddəsində deyilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edilir. Həmçinin qeyd olunur ki, iki dövlət əlaqələrini, bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Bununla da, Azərbaycanla Rusiya arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə keçir".

Azər Badamov vurğuladı ki, Bəyannamədəki bəndlərin 50%-ə qədərində ancaq dövlətlərimizin milli təhlükəsizliklərinin təmin edilməsinə veriləcək töhfələr haqqında danışılır. Əgər Rusiya Azərbaycanın milli təhlükəsizliyinə yüksək dəyər verirsə, bundan sonra da müstəqilliyi və ərazi bütövlüyünə təhdid oluna biləcək hallar baş verərsə, yanımızda olduğunu bəyan edirsə, burda asıllıq yaradacaq heç nə yoxdur.

"Moskva Bəyannaməsini ölkəmizin milli təhlükəsizliyinə, ərazi bütövlüyünə bir qarant hesab edirəm və bu bəyannamənin Rusiya Azərbaycan əlaqələrini daha da möhkəmləndirməklə yeni müstəviyə çıxaracağını düşünürəm".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR