Yeraltı keçidlərdə BU HALDA maska taxmaq MƏCBURİDİR - DİN-dən AÇIQLAMA

"Yeraltı keçidlərdə əgər ticarət obyektləri varsa, maskadan istifadə məcburidir"

Metbuat.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a deyib. Onun açıqlamasına görə, yeraltı keçidlərdə əgər ticarət obyektləri varsa, maskadan istifadə məcburidir:

“Karantin rejmi qaydalarına uyğun olaraq, hər bir vətəndaş qapalı məkanlarda Nazirlər Kabinetinin COVID-19-la bağlı qaydalarına riayət etməlidir. Daxili İşlər Nazirliyinin apardığı profilaktik tədbirlər nəticəsində müşahidə edirik ki, vətəndaşlar maska taxsalar da düzgün qaydada istifadə etmirlər. Maska tənəffüz yollarını qoruyan vasitə olduğu üçün o, ağız və burun nahiyyəsini tam örtməlidir. Maskanı ağızda saxlamaq maska taxmamağa bərabərdir. Bu hala yol verən vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, barəsində inzibati tənbeh tədbiri tətbiq oluna bilər”.

N.Əliyev qeyd edib ki, bu, bütün yeraltı keçidlərə aid deyil:

“Qeyd etdiyim kimi, ticarət obyektləri olan yeraltı keçidlərdə maskadan istifadə məcburidir və əks halda, vətəndaşın cərimlənməsi qanunidir. Çünki ticarət obyektləri olan yerdə virusun yayılma riski böyükdür. Saatlarla orda dayanan satıcılar, alış-veriş edən vətəndaşlar arasında virus sürətlə yayıla bilər. Buna görə də digər yeraltı keçidlər istisna olmaqla, bu kimi yerlərdə maska taxmaq məcburi hesab olunur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR