İlham Əliyev: “Avropaya tədarük etdiyimiz qaz 4-5 il əvvəl kontraktlaşdırılıb”

Azərbaycanın Avropaya qaz tədarükünə başladığı bütün həcmlər 4 və ya 5 il əvvəl, Trans-Adriatik Qaz Kəməri (TAP) tikildiyi zaman kontraktlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə hazırda spot bazarındakı qazın qiymətinin artması ilə Azərbaycan Avropa bazarına tədarükü artırmağa hazır olduğu və hansı miqdarda olacağı ilə bağlı verdiyi suala cavab verərkən deyib.

“Belə sorğular bizə mövcud vəziyyəti nəzərə almaqla Avropa Komissiyasının məsul nümayəndələri tərəfindən daxil olur. Lakin məsələ ondadır ki, bizim ölkədə Avropaya tədarükə başladığımız bütün həcmlər, biz isə bunu bir ildən bir qədər artıq, Trans-Adriatik Qaz Kəmərinin tikildiyi zaman etməyə başladıq, hamısı artıq çoxdan, 4 və ya 5 il əvvəl kontraktlaşdırılıb. Siz yaxşı bilirsiniz, qaz elə bir məhsuldur ki, onu əvvəlcə satmaq, sonra isə hasil etmək lazımdır, ona görə də biz, sadəcə, fiziki olaraq, buna malik deyilik, yəni, bizə əlavə qazın lazım olduğunu nəzərə almamışdıq. Bizim ən böyük istehlakçımız Türkiyədir. Ondan sonra İtaliya, sonra Gürcüstan, Yunanıstan, Bolqarıstan. Biz keçən il cəmi 19 milyard kubmetr qaz ixrac etmişik, bu il daha çox olacaq. Ola bilər ki, artığı spot bazarında satılsın”, - deyə Prezident bildirib.

Uzunmüddətli kontraktlara gəldikdə isə Prezident İlham Əliyev bildirib ki, bunun üçün təbii ki, əlavə olaraq sərmayə qoyulmalıdır: “Söhbət böyük həcmlərdən gedirsə, o cümlədən Trans-Adriatik Qaz Kəmərinin genişləndirilməsinə sərmayə qoymaq lazımdır, çünki o, bizim qazın həcminə uyğun hesablanmışdı. Bütün bunlar, təbii ki, böyük xərc və təminat tələb edir. Artıq bizə bir neçə ölkə müraciət edir, lakin onlar özləri də, yəqin başa düşürlər ki, bu, həll oluna bilməz. Spot bazarında satışlar cüzi ola bilər, həcmi artırmaq üçün isə təbii ki, potensial var. Bir neçə ildən sonra biz ən azı iki yeni yataqdan qaz hasil edəcəyik, onlardan birindən artıq gələn il. Bu qaz, təbii ki, xarici bazarda satıla bilər. Lakin deməliyəm ki, bizim üçün ən cəlbedici tərəfdaş Türkiyədir. Birincisi, çünki biz müttəfiqik və düşünürəm ki, Türkiyə və Azərbaycan arasında qarşılıqlı fəaliyyət təsəvvür oluna biləcək ən yüksək səviyyədədir. İkincisi, Türkiyə bazarında artan tələbatdır və Rusiya iri təchizatçıdır. Bazar da böyüyür, çünki Türkiyədə qazlaşdırma prosesi gedir. Lakin yaxşı şərtlər təklif olunduğu təqdirdə, əlbəttə, biz istənilən digər variantı gözdən keçirə bilərik”.

Ölkə başçısının sözlərinə görə, hazırda Avropada müxtəlif ölkələr arasında Türkiyədən keçməklə Rusiya, Azərbaycan və ya hər hansı digər ölkənin qazına yönəldilmiş interkonnektorların yaradılması üzrə iş gedir: “Odur ki, sata biləcəyimiz həcmi dəqiq təsəvvür etmək üçün səylərimizi əlaqələndirmək planında Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlıq da mümkündür. Başqa sözlə, bir-birimizə problem yaratmamalıyıq. Çünki qazın yüksək qiyməti həm bizim, həm Rusiyanın maraqlarına cavab verir. Buna görə düşünürəm ki, burada söhbət rəqabətdən getmir, həcmlər müqayisə olunmazdır. Lakin, aydındır ki, qaz bazarında hətta kiçik həcmlər bəzən müəyyən əhəmiyyət kəsb edə bilər. Bax, bunun qarşısını almaq üçün biz prinsip etibarilə Rusiya tərəfi ilə bu istiqamətdə iş birliyi qurmağa hazırıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR