Evində tiryəkxana təşkil edən şəxslər saxlanılıb

Nəsimi rayonunda narkotiklərin satışını həyata keçirən və evində tiryəkxana təşkil edən daha 5 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar keçirilib. Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin 20 və 21-ci Polis Bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqram narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Qadir Nəsibovun üzərindən, eləcə də yaşadığı evdən 5 kiloqram 120 qram heroin, Orxan Hacıbabayev, Tərlan Ələkbərov, Hacıməmməd Məmmədov və Pərviz Kərimovdan isə 2 kiloqram müxtəlif xassəli narkotik vasitələr aşkar olunub.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əldə ediblər. Onlar xarici ölkələrdə yaşayan narkotacirlərlə tanış olaraq həmin şəxslərin narkokuryerlik təklifi ilə razılaşıblar. Saxlanılan şəxslər külli miqdarda maddi qazanc müqabilində həmin narkotacirlərin yalan vədlərinə aldanaraq narkotik vasitələrin satışını həyata keçiriblər.

Araşdırma zamanı müəyyən edilib ki, Qadir Nəsibov evində narkotik vasitə istifadəçiləri üçün tiryəkxana da təşkil edib. O, narkotik vasitələri satdığı şəxslərə heroin və metamfetamin qəbul etmək üçün şərait yaradıb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Adları çəkilən şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR