Bakıda güllələnən dünya çempionunun son səs yazısı YAYILDI -

Dünən 5 güllə ilə qətlə yetirilən Zaur Yusifov barədə yeni məlumatlar yayılmaqdadır.

Metbuat.az Bakupost.az-a istinadən xəbər verir ki, o öldürülməzdən bir saat əvvəl dostuna səs göndərib. Hər şeyin yaxşı olduğunu bildirib. Qeyd edib ki, növbəti gün (bu gün – red.) keçiriləcək məhkəmə prosesinə hazırlaşır.

Mərhumun yaxınları bildiriblər ki, o, bəraət alıb azadlığa çıxdıqdan sonra hər an sui-qəsdə məruz qala biləcəyindən ehtiyat edirmiş. Ona görə də adətən evdə olurmuş, imkan qədər kənara çıxmırmış.

Axşamlar evlərinin qarşısında olan kafesində vaxt keçirirmiş. Adəti üzrə dünən gecə saatlarında kafesinə gedərkən kafenin yerləşdiyi binanın birinci mərtəbəsindəki marketə baş çəkib. Hadisə də orada baş verib.

Qeyd edək ki, martın 14-də gecə 12 radələrində Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketlərin birində 1984-cü il təvəllüdlü Yusifov Zaur Əli oğlu naməlum şəxs tərəfindən odlu silahla güllələnərək qətlə yetirilib.

Bu gün səhər saatlarında hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı Zaur Yusifov da tutulub.

Kikboksinq üzrə dünya çempionu Z.Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, H.Tağıyev 18 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Əlavə edək ki, qətlə yetirilən E.Səfərov kriminal aləmdə “Emin 444” kimi tanınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR