DYP Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Novruz bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

BDYPİ-dən Metbuat.az-a daxil olan müraciətdə deyilir:

"Novruz bayramı ilə əlaqədar 2022-ci il mart ayının 20-dən 28-dək qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir.

Bununla yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə qaydalarını pozmaları, eləcə də müəyyən edilmiş sürət həddini aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması və bayramı xoş əhval-ruhiyyədə keçirməsi üçün dövlət yol polisi əməkdaşları qeyri-iş günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz qoymamağı tövsiyə edir.

Eyni zamanda texniki baxışdan keçmənin son müddəti qeyri-iş günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq fəaliyyət göstərəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR